Əli Məsimli: "Hesablama Palatasının səlahiyyətləri artırılsın"

18 May 2018 13:28 (UTC+04:00)

"Hesablama Palatası hüquq-mühafizə orqanları ilə birgə işlərin aparılması və dövlət büdcəsinə vəsaitin qəbul olunmasına diqqət etməlidir". SİA-nın xəbərinə görə, bunu millət vəkili Əli Məsimli parlamentdə Hesablama Palatasının 2017-ci ilə dair hesabatına münasibət bildirərkən deyib.

O bildirib ki, bu qurum elə ciddi işləməlidir ki, dövlət büdcəsinə daxil olan vəsaitlərdə yayınma olmasın: "Hesabatdan məlum olur ki, Palata vəzifəli şəxslərə qarşı intizam tədbirləri həyata keçirib. Azərbaycanda nəzarət vətəndaşa tətbiq olunanda çox sərt olur. Amma dövlət orqanlarında vəzifəli şəxslərə tətbiq olunanda yola vermə mexanizmi kimi yanaşılır. Yalnız məmur işdən çıxandan sonra məlum olur ki, milyonlarla yeyinti olub. Bu yanaşma kökündən səhvdir. Hesab edirəm ki, Palata vəzifəli şəxslərlə bağlı korrupsiyaya qurşanandan sonra tədbir görməli deyil, korrupsiyanın baş verməsinə imkan verməməlidir. Hesablama Palatası bu işlərə xüsusi diqqət yetirməlidir. Düşünürəm ki, Palatanın səlahiyyətləri artırılmalıdır ki, nəzarəti həyata keçirə bilsin”.