Qüdrət Həsənquliyev: "Büdcə vəsaitlərini mənimsəyənlər məsuliyyətə cəlb edilməlidir"

18 May 2018 13:18 (UTC+04:00)

"Hesablama Palatasının hesabatına nəzər saldıqda, bu qurumun fəaliyyətiilə bağlı uğurlu addımların atıldığı görmək mümkündür. Amma ümumilikdə son nəticə ürəkaçan deyil". SİA-nın xəbərinə görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə Hesablama Palatasının 2017-ci ilə dair hesabatına münasibət bildirərkən deyib.

O bildirib ki, bəzən Azərbaycanda büdcə vəsaitləri ilə işləyən vəzifəli şəxslər elə hesab edirlər ki, onlar bu vəsaitdən istədikləri kimi, bəzən təyinatına uyğun olmadan istifadə edə bilərlər: “Həmin şəxslər hesab edir ki, digər nəzarətedici orqanlar tərəfindən aşkarlananda həmin vəsaiti yerinə qoyacaqlar və məsuliyyətdən azad ediləcəklər. Lakin mənimsənilmiş, düzgün istifadə edilməmiş vəsait aşkarlananda həmin şəxs cinayət hüququ və ya inzitam qaydasında məsuliyyətə cəlb edilməlidir. Vəsaitin qaytarılması yalnız məsuliyyətin yüngülləşdirilməsi halı kimi nəzərə alınır, həmin şəxsi məsuliyyətdən azad etmir. Bugünkü hesabatda da büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər var. Lakin həmin təkliflərin hansı hissəsi nəzərə alınır? Bunlar parlamentin müvafiq komitəslərində müzakirəyə çıxarılmalıdır. Növbəti hesabatlarda Palata bizə verdiyi təkliflərin neçəsinin parlament, hökumət tərəfindən nəzərə alındığını açıqlamalıdır”.