Cumhuriyyət deyəndə

18 May 2018 10:58 (UTC+04:00)

Fikrimi uzaqlara,

Qədimlərə aparır.

Yüz il bundan əvvəlki,

O illərə aparır.

Bir vaxt səngiyən ocaq

Yenidən od qoparır,

Cumhuriyyət deyəndə!

Uğrunda qandan keçib,

Saysiz qurbanlar gedib.

Neçə-neçə qəhrəman

İgid cavanlar gedib.

Tarixə həkk olunan

Gör necə canlar gedib,

Cumhuriyyət deyəndə!

Şəhidlərin ruhuna

Əbədi məşəl yanır!

Hər kəs yanan alovun

Keşiyində dayanır,

Gecənin ortasında

Yatanlar da oyanır,

Cumhuriyyət deyəndə!

Müstəqiləm, azadam,

Dik tuturam başımı,

Qoruyuram hər zaman

Torpağımı, daşımı,

Heç bir qüvvə cəhd edib

Kəsə bilməz qarşımı,

Cumhuriyyət deyəndə!

Fərəhdən, həyəcandan

Uçunuram, əsirəm,

Hər dərdi, hər ələmi

Sevincimlə kəsirəm,

Göyün yeddi qatında

Dolanıram, gəzirəm,

Cumhuriyyət deyəndə!

Elə ki bayrağımız

Dalğalanır yanımda,

Arzular baş qaldırır,

Cövlan edir canımda,

Qaynayır, sakit axmır

Damarımda qanım da,

Cumhuriyyət deyəndə!

Ay, ulduz bəzək verir

Bu üçrəngli bayrağa,

Önündə baş əydikcə

Ürəklər dönür dağa,

Balacadan böyüyə

Millət qalxır ayağa,

Əziz Prezidentimiz –

Cənab İlham Əliyev

Cumhuriyyət deyəndə!

Azərbaycan deyəndə!

Azərbaycan deyəndə!!!

MUNİS

Bakı, 12 may 2018-ci il