Spiker: "Azərbaycanla Rusiya arasında siyasi dialoq yüksək səviyyədədir"

17 May 2018 17:50 (UTC+04:00)

Bu gün Milli Məclisin Spikeri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sədr qonaqları Milli Məclisdə görməyindən məmnun olduğunu söyləyərək belə bir inamı ifadə edib ki, səfər çərçivəsində qonaqların Rus Mədəniyyət Mərkəzinin açılışında, “Rus İcması – Yeni Azərbaycanın xalqları ailəsində 25 il” mövzusunda keçiriləcək konfransda iştirakları əlaqələrimizin daha da dərinləşməsinə xidmət edəcək.
Parlamentin Sədri Azərbaycanla Rusiya arasında siyasi dialoqun yüksək səviyyədə olduğuna diqqət çəkərək bildirib ki, ölkə başçılarının qarşılıqlı səfərləri, dövlətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsində mühüm rol oynayıb. Milli Məclislə Rusiya Federal Şurası və Dövlət Duması arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirən Spiker Rusiyanın subyektlərinin qanunvericilik orqanları ilə də münasibətlərdə bu dinamikanın saxlanıldığını söyləyib. Qeyd edilib ki, son dövrdə bu ölkənin subyektləri ilə humanitar, mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşməsi prioritet sahə kimi özünü göstərməkdədir.
Azərbaycanla Sankt-Peterburq arasında münasibətlərin möhkəm tarixi zəmin üzərində qurulduğunu bildirən Milli Məclisin Sədri bu gün də humanitar, elm, təhsil, mədəni sahələrdə əlaqələrimizin daha da dərinləşməsini təqdirəlayiq hesab edib. Bildirildi ki, azərbaycanlı deputatlar tez-tez bu şəhərdə səfərlərdə olur, MDB PA-nın iclaslarında fəal iştirak edirlər. Nümayəndə heyətlərimizin nüfuzlu beynəlxalq qurumlar çərçivəsində mütəmadi görüşləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.
Sədr Azərbaycanda böyük rus icmasının mövcudluğu barədə danışaraq, ölkədə rusdilli təhsil ocaqlarının fəaliyyət göstərdiyini, rusdilli mətbu nəşrlərin geniş oxucu kütləsi olduğunu deyib. Bildirilib ki, ölkəmizdə yaşayan ruslar digər ölkə vətəndaşları kimi Konstitusiya ilə onlara verilmiş hüquq və azadlıqlardan sərbəst şəkildə istifadə edirlər.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov ölkəmizə səfərlərindən və burada gördüklərindən məmnun qaldıqlarını söyləyib. Bildirilib ki, Sankt-Peterburq və onun Qanunvericilik orqanı Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərir. Tarixən Nevanın sahilindəki bu şəhərlə Azərbaycan arasında həyatın müxtəlif sahələrində sıx əlaqələr mövcud olub. Münasibətlərimizin bugünkü inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir.
Qonaq Sankt-Peterburqda Azərbaycan diasporunun fəaliyyətini, burada yaşayan soydaşlarımızın şəhərin sosial-iqtisadi həyatındakı iştirakını təqdirəlayiq hesab etdi.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Mixail Zabelin və digər rəsmi şəxslər iştirak ediblər.