Ulu Öndərin 95 illik yubileyinə həsr olunan kitabın təqdimat mərasimi keçirilib

17 May 2018 17:28 (UTC+04:00)

Bu gün Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan "Ümidləri Doğruldan Universitet" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, təqdimatda millət vəkilləri, media kapitanları, ictimai-siyasi xadimlər, elm adamları, universitetin müəllim heyəti və digərləri iştirak ediblər.

Təqdimatı giriş sözü ilə açan universitetin rektoru Nurlana Əliyeva Ulu Öndərin ölkəmizin müstəqilliyinin bərpa edilməsi və dövlətçiliyimizin qorunması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması sahəsindəki fəaliyyətindən, Azərbaycanın inkişafı və beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında rolundan danışıb.

O, Ümummilli Liderin müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda öz xalqının milli mentalitetinə və demokratik prinsiplərə əsaslanan qüdrətli dövlət yaratdığını bildirib.

BSU rektoru Ulu Öndərin azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən birinin də yüksək səviyyəli təhsil yaratmaq olduğunu qeyd edib. O deyib ki, dahi şəxsiyyət vətəndaş tərbiyəsində təhsilin rolunu daim yüksək qiymətləndirib, onun intellektual gəncliyin yetirilməsinin ən mühüm amillərdən hesab edib.

Universitetin qısa tarixinə ekskursiya edən rektor bu universitetin ərsəyə gəlməsində, onun müstəqil Azərbaycan ictimai-siyasi, elmi-mədəni həyatına daxil olmasında Ulu Öndərin misilsiz xidmətlərindən söhbət açıb: “Bu gün Bakı Slavyan Universiteti bir sıra ölkələrin universitetləri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq Azərbaycanı Slavyan ölkələrinin xalqlarına, gənclərinə yaxından tanıdır".

N. Əliyeva qeyd edib ki, Ulu Öndər ortaya qoyduğu azərbaycançılıq idelogiyası təhsilimizin, mədəniyyətimizin, müstəqilliyimizin ana xəttidir.

Təqdimatda söz alan təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli Liderə həsr olunan hər bir tədbirin olduqca böyük mahiyyəti olduğunu dilə gətirib: “Bu gün təqdim oluna kitabda olduqca maraqlı kəlamlar öz əksini tapıb. Onları oxuyarkən bir daha Ulu Öndərin uzaqgörənliyinin əyani olaraq hiss edirsən. Ulu Öndərin hər bir kəlamı mütəfəkkir kəlam, böyük siyasi xadimin töhfələridir ”.

Ümummilli liderin təhsil siyasətindən söz açan nazir müavini söyləyib ki, bu siyasətin uğurla davam etdirilməsi nəticəsində 3500 gəncimiz dünyanın aparıcı təhsil müəssisələrində təhsil almaq imkanı əldə ediblər.

Daha sonra çıxış edən təhsil eksperti Şahlar Əsgərov bildirib ki, Ulu Öndərin fikirləri təkrar olunmazdır: “Ümummilli liderin söylədiyi hər bir söz bizim üçün əhəmiyyətli, yüksək əhəmiyyətə malik bir kəlamdır. Hansı ki bu fikirlər tək bizim üçün deyil bütün dünya ölkələri üçün önəmlidir. Kitabın geniş təbliği aparılmalıdır”

Tədbirin davamında çıxış edən natiqlər kitab haqqında müsbət fikirlərini bildirərək, kitabın Ulu Öndərin anadan olmasının 95 illiyinə layiqli töhfə kimi dəyərləndiriblər.

Təqdimat mərasimi bədii hissə ilə davam edib.