Milli genefondu təhlükə altına atan bəla NARKOMANİYA

17 May 2018 15:05 (UTC+04:00)

Məlum olduğu kimi, hazırda ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verilir. Ölkəmiz müstəqilliyini qazandığı ilk illərdə də, bu məsələ dövlətin daim diqqətində olub. Hələ Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dövründə narkotiklərlə mübarizə istiqamətində xeyli işlər görülüb. Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyev Narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Narkomaniya təhlükəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə Ulu Öndər 26 avqust 1996-cı ildə "Narkomaniya və narkotika dövriyyəsinə qarşı tədbirlər haqqında" fərman vermişdir. Elə bunun davamıdır ki, ölkə başçısı cənab İlham Əliyevin "Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət proqramının (2007-2012-ci illər) təsdiq edilməsi barədə" sərəncamın imzalanması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaratdı. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsidə mühüm əhəmiyyət kəsb edir.

Ciddi maarifləndirmə tədbirləri

Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac vardır. Gənclər narkomaniya əleyhinə kitabları, broşüraları oxuduqda narkotik maddələrin istifadəsindən uzaq olurlar. Bu sözləri "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin rəhbəri Lamiyə İsazadə deyib.

O bildirib ki, beynəlxalq təşkilatların qəbul və təsdiq etdiyi prinsiplər, narkotikə qarşı mübarizə zamanı diqqətli olmağı tövsiyə edir: “Bu, narkotik istifadəçilərinə qarşı müharibə kimi qəbul olunmamalıdır. Çünki, narkotikdən əziyyət çəkən insanlara qarşı mübarizə aparmaq, adətən onları daha da sıxışdırmaqla problemin getdikcə artması ilə nəticələnir. Bu insanları cəmiyyət arasına gətirmək, onların reabilitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir xəstəlik kimi qəbul etmək lazımdır. Bütün bunlar Avropa ölkələrində tətbiq olunur və çox müsbət nəticələr verir. İnsanları və gənc nəsli narkotik vasitələrdən uzaq tutmağın onları bu mövzuda geniş maarifləndirməkdir. Ölkə rəhbərimizin narkomaniyaya qarşı mübarizəyə dair yeni sərəncamından sonra, insanları, xüsusilə gəncləri sağalmaz xəstəliklərə düçar edib, onların yaşamlarına son qoyan narkotik vasitələrdən istifadənin qarşısını almaq məqsədilə, respublikamızın müxtəlif bölgələrində maarifləndirici layihələr həyata keçirilir, orta və ali tədris müəssisələrində vaxtaşırı "ağ ölüm" adlı bu dəhşətli bəlanın törətdiyi fəsadlar haqqında geniş elmi söhbətlər aparılır”.

Qeyd edək ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin böyük əksəriyyətini gənclər təşkil edir və onların sayı ilbəil artmaqdadır. Son məlumatlara əsasən, respublikada narkomanların rəsmi sayı 30 min nəfərdən artıqdır.

Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlərə görə, 2017-ci il ərzində 2115 nəfər narkotik istifadəçisi qeydə alınmaqla xəstələrin ümumi sayı 30131 nəfərə çatıb. Onlardan 25139-u dispanser, 4992-si profilaktik, 1031-i anonim qeydiyyatdadır. İstifadəçilər arasında 18 yaşa qədər 5 nəfər, 595-i qadın, 212 nəfəri toksikomanlardır. 2017-ci ildə qeydiyyatdan çıxanların ümumi sayı 1432 nəfərdir.

Azərbaycanda daha geniş istifadə olunan narkotiklər tiryək, heroin, çətənə, həşiş, ekstazi, kokain. və LSD-dir. Dünya statistikasına nəzər saldıqda isə dünyada 2 milyon narkoman var ki, onların da 40-45% qadın və uşaqlardır.

Bununla yanaşı narkotikdən istifadə cinayət hallarının artmasına da yol açır. Bəzən yeniyetmələrə, gənclərə narkotik həblər pulsuz şəkildə verilir ki, bu da onların narkotik aludəçisinə çevirir. Lakin ən pisi bundan sonra baş verir. Belə ki, gənclərin təkrar olaraq narkotik əldə etməsi üçün maliyyə vəsaitləri olmadıqda hər cür cinayətə əl ata bilirlər. Nəticə etibarı ilə bu, bir tərəfdən cinayətkarlığın inkişafına şərait yaradırsa, digər tərəfdən gənc nəslin sağlamlığının məhv olmasına gətirir və milli genofondu təhlükə altına alır”.

Orqanizmə, insan sağlamlığına zərərli təsiri

Yeniyetmə və gənclər arasında narkotik vasitələr qəbulunun orqanizmə zərərli təsiri, onun törətdiyi fəsadlar haqqında geniş məlumat verilməlidir. Narkotik maddələrdən mütəmadi olaraq istifadə insanı məhv edir. Belə ki, bu maddələrdən istifadə insanların alt beyin hüceyrələrini öldürür, mərkəzi sinir sistemini sıradan çıxarır, sonsuzluq və s. kimi acı nəticələrə gətirib çıxarır. Daha sonra isə ürəkbulanma və qusma başlayır. Tiryəkdən istifadə edən şəxslər adətən tənəffüsün dayanmasından dünyasını dəyişirlər.

Çox təəssüf ki, bəzən ekstazi həblərinin qeyri-qanuni satışı hallarına da rast gəlinir. Bir həb ekstazi 6-8 saat müddətində rəqs etməyə imkan verir. Abstinensiya başladıqda isə narahatlıq və həyəcan, əhvalın pozulması, aqressiya, fikirlərin qarışması və sayıqlamalar olur.

Narkomaniyanın fəsadları

Narkomaniyanın insanlar arasında yayılması sağlam həyat tərzi üçün təhlükə törədir, insan fiziki və psixoloji cəhətdən məhv etməklə yanaşı narkomaniya yaddaş və təfəkkürü pozduğu üçün, həyata, insanlara siyasi proseslərə qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Narkotiklərdən bir neçə dəfə istifadə asılılığa səbəb olur. Narkotikin olmaması əsəbləşməyə və hirslənməyə gətirib çıxarır. Böyük narahatçılıq başlayır. İnsan artıq bir işlə məşğul ola bilmir. Sonrakı "doza" üçün hər növ alçalmağa, iyrənc hərəkət etməyə məcbur olur. Narkotik qəbul etdikcə, ədəbsizlik və yalançılıq başlayır. Bütün maraqları, ümidləri və qarşısına qoyduğu məqsədləri getdikcə sönür. Bir sözlə narkomanlıq cəmiyyətin özəyi olan ailəni dağıdır, qeyri-stabil şəraitin yaranmasına səbəb olur.

Problemin qarşısını almaq üçün nə etməliyik?

Aparılan təhlillər nəticəsində gəlinən qənaətimizə görə, bütün məsələlərdə olduğu kimi narkomaniyaya qarşı mübarizədə də dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması zəruridir. Belə ki, orta və ali təhsil müəssisələrində narkomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyi hər kəsin xüsusən də, gənclərin diqqətinə çatdırılmalıdır.

Jalə Bayramlı

Yazı Gənclər və İdman Nazirliyi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun "Narkomanlığa qarşı mübarizə" mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçündür