“Rusiyaya tərəfdaşlar deyil, forpost dövlətlər lazımdır” MÖVQE

17 May 2018 14:39 (UTC+04:00)

“ABŞ prezidenti Donald Tramp müxtəlif mövzularda sərt və bəzən yanlış hesab etdiyimiz açıqlamalar və qərarlar verərkən Mərkəzi Asiya istiqamətində incə siyasət həyata keçirir. Tramp bu ilin yanvar ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevi, may ayında isə Özbəkistan prezidenti Şövkət Mirzəyevi Ağ Evə dəvət etdi”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Trampla Nazarbayevin görüşünün yekunu olaraq ABŞ Əfqanıstana silah və sursatın daşınmasında Qazaxıstan ərazisindən də istifadə etməyə başlayıb: “Digər tərəfdən ABŞ Qazaxıstanın Xəzər dənizindəki iki limanından da istifadə edir. Ağ Ev Qazaxıstanın ardınca Özbəkistanla da strateji tərəfdaşlıq qurmağa çalışır. Həm Astana, həm də Daşkənd Amerika ilə bu əməkdaşlığa hazırdılar. Çünki həm Astana, həm də Daşkənd qonşuları Çin və Rusiyadan asılı olmaq istəmirlər, xarici və təhlükəsizlik siyasətində başqa qütblərlə əməkdaşlığa da üstünlük verməyə həvəslidirlər. Bu hər iki dövlətin təbii haqqıdır. Çünki, bu vaxta qədər heç bir dövlət Rusiya ilə strateji müttəfiqlikdən qazanmayıb. Rusiyaya tərəfdaşlar deyil, forpost dövlətlər lazımdır. Bunu Astana və Daşkənd də anladıqlarından Vaşinqtonla sıx təmaslara hazırdılar. Bundan sonra Pentaqon Qazaxıstanla yanaşı Özbəkistan ərazisindən də öz məqsədləri üçün istifadə edəcək”.

E.Şahinoğlu əlavə edib ki, ABŞ-ın Qazaxıstan və Özbəkistanla sıx əlaqələri Azərbaycanın da xeyrinədir: “Çünki, biz də xarici və təhlükəsizlik siyasətində yalnız bir dövlətə üstünlük vermək istəmirik. Rusiya öz perimetri boyu Qərbin tərəfdaşlarını sıxışdırmağa çalışır. Ancaq bölgədə Amerika ilə tərəfdaşlıq edən dövlətlərin sayı artdıqca Rusiyanın bütün perimetr boyunca qonşularının hamısına təzyiq etmək imkanları azalacaq, resursları yetməyəcək”.