Lənkəranda Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilib

17 May 2018 12:39 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə qazisinin təşkilatçılığı ilə Ramazan ayının başlanması ilə əlaqədar dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə DQİDK-nin Lənkəran bölgə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin qazisi Qəni Axundzadə, dini icma sədrləri, din xadimləri iştirak edib.

Əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının Ramazan ayı ilə bağlı Fətvası oxunub.

Tədbiri giriş sözü ilə açan QMİ-nin qazisi Qəni Axundzadə Ramazan ayı ilə bağlı tövsiyələrini verib. Q.Axundzadə tədbirlərin QMİ-nin fətvasına uyğun şəkildə keçirilməsininin vacibliyini vurğulayıb.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov Ramazan ayının başlanması ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib. Q.Məmmədov dövlət-din münasibətlərinin sağlam prinsiplərə söykəndiyini qeyd edib. Natiq əlavə edib ki, məscidlərdə azanlar QMİ tərəfindən tərtib edilmiş təqvimə uyğun verilməlidir.

Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında bildirib ki, Ramazan ayı ilə əlaqədar tədbirlər mövcud qanunvericiliyin tələbləri gözlənilməklə və QMİ-nin Fətvasına uyğun keçirilməlidir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sərraf Mirsəfəroğlu