Yeni rəsm layihəsi: “100 illik tariximiz”

16 May 2018 21:41 (UTC+04:00)

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “100 illik tariximiz” mövzusunda rəsm layihəsi təqdim olunub.

Təhsil Nazirliyinin məlumatında deyilir ki, tədbir Cümhuriyyətin tarixi, onun qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə uşaqların əldə etdikləri bilikləri təkmilləşdirmək, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək, istedadlı uşaq və gəncləri aşkara çıxarmaq məqsədi daşıyıb.

Tədbirdə mərkəzin əməkdaşları Nərmin Abdullayevanın rəhbərlik etdiyi “Palitra” və Könül Orucovanın rəhbərlik etdiyi “Buta” dizayn studiyasının gənc rəssamları taxtadan hazırlanmış “Nar” fiqurlarının və böyük “Nar” maketinin üzərində Azərbaycanın 100 il ərzində keçdiyi şərəfli tarixi yolu, ölkəmizin nailiyyətlərini əks etdirən rəsmlər çəkiblər. Rəna Kərimovanın rəhbərlik etdiyi “Gənc dizayner” dərnəyinin üzvləri isə taxtadan milli üslubda hazırlanmış şəbəkələri rənglərlə bəzəyiblər.