Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası üzvlərinin ümumi yığıncağı keçirilib

16 May 2018 19:11 (UTC+04:00)

Milli Assosiasiyaların “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 2017–ci ildə ölkənin 141 qəsəbə bələdiyyəsi tərəfindən 19 istiqamətdə 610 layihə üzrə 3 milyon 644 min 60 manatlıq layihələr icra olunub. Cari ildə isə 3 milyon 771 min 520 manat dəyərində 658 layihənin icrası nəzərdə tutulur ki, bu da 2017-ci illə müqayisədə 127 min 460 manat və ya 8 faiz daha çox layihənin icrası deməkdir.

Xəbər verilir ki, bu barədə mayın 16-da Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası üzvlərinin Xırdalan şəhərində keçirilən ümumi yığıncağında danışılıb.

Yığıncaqda Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçiləri, Milli Məclisin regional məsələlər komitəsinin üzvləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan Şəhər və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Milli Məclisin regional məsələlər komitəsinin üzvləri Rüstəm Xəlilov və Kamran Bayramov, Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Əli Mehdiyev Heydər Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Sonra Xırdalandakı Heydər Əliyev Mərkəzində Assosiasiyaya üzv olan qəsəbə bələdiyyələrindən və Naxçıvan Muxtar Respublikası Qəsəbə Bələdiyyələri Assosiasiyasından seçilmiş nümayəndələrin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı, nəzarət-təftiş komissiyasının hesabatı və Milli Assosiasiyasının 2018-ci il üçün büdcəsi müzakirə edilib.

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov qurumun 2017-ci ildəki fəaliyyəti haqqında hesabat məruzəsini təqdim edib. Qeyd olunub ki, Milli Məclis, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, eləcə də ölkənin QHT sektoru ilə yaradılan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri bələdiyyələrin müasir dövrün çağırışlarına daha operativ reaksiya verməsinə, daha yaxından inteqrasiya olunmasına, ərazidə prioritet sosial məsələlərin daha tez həllini tapmasına hesablanıb.

Məruzəçi qəsəbə bələdiyyələri üzrə yerli ödənişlərdən daxilolmaların təhlilinə nəzər salaraq bildirib ki, ödənişlərdən daxil olan illik maliyyə vəsaiti 2 milyon 179 min 357 manatdır. Bu da büdcə gəlirlərinin 28,2 faizini, vergi və ödənişlərdən daxilolmaların isə 32 faizini təşkil edir. 2017-ci il üzrə büdcə daxilolmalarında ən yüksək göstərici 751 min 52 manat olmaqla Binəqədi rayonunun M.Ə.Rəsulzadə bələdiyyəsində və 571 min 721 manat olmaqla Sabunçu rayonunun Bakıxanov bələdiyyəsində qeydə alınıb.

Sonra nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib.

Məruzələr ətrafında çıxışlarda hər iki məsələ barədə müzakirələr aparılıb. Qəsəbə Bələdiyyələri Assosiasiyasının hesabat dövründə işi qənaətbəxş hesab olunub, bələdiyyələrin fəaliyyətində mövcud problemlər və onların həlli yolları, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər səsləndirilib.

Yığıncaqda özünüidarəetmə orqanlarının uğurlu fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlər qaldırılıb.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin sədri Zahir Əlizadə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib. Bildirib ki, belə olan halda prioritet sosial məsələlər daha tez həllini tapar.

Milli Məclisin deputatları Rüstəm Xəlilov və Kamran Bayramov Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Bildirilib ki, Milli Məclisin regional məsələlər komitəsi Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, eləcə də ölkədəki QHT sektoru ilə qarşılıqlı faydalı əlaqələri davam etdirib, qanunvericilik bazası təkmilləşdirilib.

Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov qəsəbə bələdiyyələrinin fəallığının artırılmasının vacibliyini vurğulayıb. O, qəsəbə bələdiyyələrinin sədrlərinə daha fəal olmağı, yeni təşəbbüslərlə çıxış etməyi tövsiyə edib.

Emin Eyvazov deyib ki, 2016-cı illə müqayisədə hesabat ilində yerli ödənişlərdən daxilolmalar 19,3 faiz artsa da, açıq məkanda reklamın yerləşdirilməsi və yayımına görə ödənişlər 7,5 faiz, nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödənişlər 1,7 faiz azalıb. Yerli vergi və ödənişlərin yığım səviyyəsində müsbət dinamika müşahidə olunur. Lakin buna baxmayaraq, bələdiyyələrin kifayət qədər maliyyə potensialı olduğu halda, yerli vergi və ödənişlər tam toplanılmır. O, vergi və ödənişlərin tam həcmdə yığılmasının təmin edilməsi üçün, ilk növbədə, bələdiyyələrdə vergi ödəyicilərinin, vergitutma və ödəniş obyektlərinin uçota alınmasının təmin edilməsinin vacibliyini qeyd edib.

Prezident Administrasiyasının təmsilçisi dövlətimizin başçısının regionlarda keçirdiyi müşavirələrdə verdiyi tapşırıqların icrasında bələdiyyələrin də rolunun artırılmasının önəmini diqqətə çatdırıb. Bildirib ki, bu sahədə bütün bələdiyyələrin işində dönüş yaradılmalıdır.

Sonra Milli Assosiasiyasının 2018-ci il üçün büdcəsi haqqında məsələlər müzakirə edilib.

Sonda ümumi yığıncaq müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.