“İstedad sorağında” müsabiqəsinin yekun sərgisi keçirilib FOTOLAR

16 May 2018 16:47 (UTC+04:00)

Xətai Sənət Mərkəzində gənc rəssamlar arasında təsviri sənət üzrə “İstedad sorağında-3” yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılıb. SİA-nın məlumatına görə, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Rəssamlar İttifaqı, Xətai rayon İcra Hakimiyyəti, Xətai Sənət Mərkəzinin təşkilatçılığı reallaşan müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Tədbiri nazirliyin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov açaraq layihə haqqında məlumat verib. Qeyd edib ki, 16-29 yaş arası gənclərin, həvəskar rəssamların qatıldığı müsabiqədə məqsəd istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsidir. Müsabiqəyə 250-yə yaxın müəllif əl işlərini təqdim edib. Sərgidə 60-a yaxın iştirakçının əsərləri nümayiş olunur.

Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov ölkəmizdə istedadlı gənc nəslin yetişdiyini vurğulayıb. O, sərgidəki iştirakçı gənclərin içindən gələcəyin böyük rəssamlarının çıxacağını bildirib.

Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov müsabiqənin əhəmiyyətindən söz açıb, rayonda keçirilən mədəni tədbirlərdən bəhs edib.

Sonra qaliblər elan olunub.

Bildirildi ki, Aynur Səmədova I yerə, Fəridə Həsənli II və Şahin Quliyev III yerlərə layiq görülüblər. Aydan Vəliəhd, Nəsrin Şirin, Vüqar Mehdiyev, Aydan Zalova, Fidan Səfərova, Bahar Hüseynova həvəsləndirici mükafatlarla təltif edilib. Bundan başqa, iştirakçılara müxtəlif nominasiyalar üzrə ayrı-ayrı qurumların mükafatları da təqdim edilib.