Füzulidə top mərmisi tapılıb

16 May 2018 15:36 (UTC+04:00)

Füzuli rayonunun Böyük Bəhmənli kəndində su nasosu stansiyasının yaxınlığında 1 ədəd yanmış top mərmisi aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) SİA-ya verilən məlumata görə, bu gün saat 11:24-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:45-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Araz su nasosu stansiyasının yaxınlığına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən əraziyə sonradan atılmış 1 ədəd yanmış top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.