"Bayıl yamacında çökmə texnogen amillər nəticəsində baş verib" RƏSMİ

16 May 2018 14:05 (UTC+04:00)

"Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi təbii amillər səbəbindən deyil, məhz texnogen amillər nəticəsində baş verib". Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov məlumat verib.

O bildirib ki, ərazi yüksək mailli yamacda yerləşir, yamacın təbii meyilliyi 35-40 dərəcədir: "Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə də yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur".

Ərazidə görülən işlər haqqında məlumat verən xidmət rəisi söyləyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri müvafiq qurumlarla birgə ərazidə tədqiqat işləri aparır və təhlükəli sahənin sərhədləri müəyyənləşdirilir.