Kopenhagendə Azərbaycan Cümhuriyyətinin 100 illiyi qeyd olunub

16 May 2018 11:58 (UTC+04:00)

Kopenhagendə Skandinaviya Türk Federasiyasının təşkilatçılığı, Danimarka Vətən Cəmiyyətinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyi qeyd edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, “Dünya Türk Günü” adı ilə baş tutan tədbirdə Türkiyənin Danimarkadakı səfiri Uğur Kənan İpək, Avropa Türk Federasiyasının sədri Camal Çetin, Danimarka, Almaniya, Isveç və Norveçdə fəaliyyət göstərən cəmiyyət rəhbərləri, yerli və türk iş adamları, media nümayəndələri, türkmənlər, uyğurlar və başqa icmaların təmsilçiləri iştirak edib.

Gecədə çıxış edən Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcudluğu və süqutu haqqında qonaqlara məlumat verib. O, eyni zamanda Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu xatırladaraq azərbaycanlıların hər zaman türklər və türkdilli xalqların yanında olduğunu vurğulayıb.

Qeyd edək ki, Kopenhagenin ən böyük salonlarından birində təşkil olunan gecədə 1200 nəfərdən çox qonaq iştirak edib. Tədbirdə Türkiyədən dəvət edilmiş müğənnilər - Mustafa Yıldızdoğan, Gökhan Təkin, Cafər Altun, Fatih Məhtər Takimi və Bakıda olan rəqqasələr qonaqlara Azərbaycan və türk musiqiləri, rəqsləri təqdim ediblər.