İsveç XİN: "Baş verən zorakılığa görə ABŞ məsuliyyət daşıyır"

15 May 2018 23:20 (UTC+04:00)

"Amerika səfirliyinin Qüdsə köçürülməsi regionda vəziyyətin gərginləşməsinə səbəb olan faktorlardan biridir və fələstinlilərlə İsrail arasında mayın 14-də baş verən zorakılığa görə ABŞ məsuliyyət daşıyır."

Bunu İsveçin xarici işlər naziri Marqot Vallström TT informasiya agentliyinə müsahibəsində bildirib. “Hamı bu barədə xəbərdarlıq etmişdi, lakin buna baxmayaraq Amerika tərəfi bu addımı atdı. Buna görə də hesab edirəm ki, ABŞ bu məsələdə böyük məsuliyyət daşıyır. Mənim fikrimcə, çox sayda ölən və yaralananı gördükdə bayram etməyə səbəb yoxdur”, - deyə Vallström baş verən zorakılığın məsuliyyətinin İsrailin üzərinə düşməsi ilə bağlı jurnalistin sualını cavablandırarkən bildirib. O, həmçinin İsveçin səfirini geri çağıracağı və ya İsrail səfirinin Xarici İşlər Nazirliyinə dəvət olunması ilə bağlı suala münasibət bildirərkən ümumi mövqe hazırlamaq üçün vəziyyəti ilk növbədə Avropa İttifaqında müzakirə etmək istədiyini deyib.