Tərtərdə təhlükəli əşya və qurğu aşkar edilmədi ANAMA

15 May 2018 14:59 (UTC+04:00)

Tərtərdə 2 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat təsdiqini tapmayıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) SİA-ya verilən məlumata görə, mayın 14-də saat 12:33-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 13:09-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər şəhəri, Şakir Həsənov küçəsində 2 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər şəhər Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

2018-ci il 14-15 may tarixlərində Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tərtər şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən ev sahibi göstərdiyi 200 kv.m ərazi yeraltı yoxlanılıb, 2 çala 1.5 m dərinliyində qazılıb, heç bir təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 15 may 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Beyləqan, Bərdə, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Göygöl, Yevlax, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 14 ev və həyətyanı sahəyə, 10 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 13 otlaq sahəsinə, meşə massivinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbiristanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, Yuxarı Qarabağ kanalına, Qarqar çayına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 3 507 ədəd partlamamış hərbi sursat, 3 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilib, 80 665 kv.m ərazi yoxlanılıb.