Biləsuvarda bu şüar altında futzal yarışları keçirilib Heydər Əliyev-95

26 Aprel 2018 17:45 (UTC+04:00)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü münasibəti ilə Biləsuvar rayon gənclər və idman idarəsi və Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı aprel ayının 18-də məktəblilər arasında futzal üzrə yarışlara start verib, aprelin 25-də isə həmin yarışa yekun vurulub.

Yarışların bağlanış mərasimində YAP Biləsuvar rayonun aparat rəhbəri Əjdər Niftiyev rayon gənclər və idman idarəsinin rəis müavini Elşən Süleymanov, Dövrüşli kənd tam orta məktəbinin direktoru Fizuli Məmmədov və başqaları çıxış edərək, ölkə rəhbərliyi tərəfindən Azərbaycan idmanına olan böyük qayğıdan söz açdılar. Natiqlər bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin idmana və idmançılara göstərdiyi qayğı bu gün də ölkə Prezidenti Milli Olimpiya Komitəsinin Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Yarışlarda birinci, ikinci və üçüncü yeri tutan komandalar gənclər və idman idarəsi, eyni zamanda YAP Biləsuvar rayon təşkilatı tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıblar.

Afət TAHİRQIZI