İndi də din amili üzərində çirkin siyasət ANALİTİK

26 Aprel 2018 17:29 (UTC+04:00)

ABŞ-ın “Din Azadlığı Komissiyası” da departamentsayağı siyasi oyunbazlıq edir

Azərbaycanda mövcud olan dini azadlıq, insanların, dini inanclıların sərbəst şəkildə öz ibadətlərini yerinə yetirmələri, ümumiyyətlə, tolerantlıq mühiti bir çox aparıcı dövlətlərdə mövcud olan fini azadlıqları kifayət qədər geridə qoymuşdur.
Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizm ölkəmizdə dövlət siyasətinə və həyat tərzinə çevrilib. Azərbaycanda tolerantlıq - irqi, milli, dini və bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti kimi bu günün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir. Ən əsası, tolerantlıq bu gün Azərbaycan xalqı üçün demokratik dəyərə çevrilib.

ABŞ-ın “Din Azadlığı Komissiyası” “terror təhlükəsi”, “kimyəvi silah axtarışı” adı altında “dövlət maraqlarını müdafiə” bəhanəsi ilə digər ölkələrə müdaxilə etmə hallarına qarşı hansı cavabı verə bilər?!

Lakin təəssüflər olsun ki, bir sıra Qərb qurumları demək olar ki, bütün cinahlardan Azərbaycanda mövcud olan hüquq və azadlıqlara qarşı, bütövlükdə demokratik dəyərlərə qarşı hücuma keçməyə cəhdlər göstərir, ikili standartlarda çıxış edərək necə deyərlər, çirkin siyasətlərini yürüdürlər. Onlardan biri də ABŞ-ın “Din Azadlığı Komissiyası”dır ki, bu qurumun verdiyi sonuncu -2018-ci il üçün hesabatı demək olar ki, ABŞ Dövlət Departamentinin siyasi oyunbazlığını təkrarlayır. Beləliklə, departamentsayağı siyasi oyunbazlıq edən bu qurum sadəcə, ölkəmizin üzərinə həyasızcasına qara yaxmağa səy göstərib.

Qeyd edək ki, adıçəkilən illik hesabatda 16 ölkə “xüsusi narahatlıq doğuran ölkələr” kateqoriyasına daxil edilib və 2017-ci ildə 28 ölkədə dini azadlıqlar sahəsində baş vermiş tərəqqi və pozuntular sənədləşdirilib. Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, guya rəsmi Bakı 2017-ci ildə də dini azadlıqlara münasibətdə özünün sərt mövqeyini dəyişdirməyib (?!), hakimiyyət isə dini fəaliyyətlərə müvafiq qanunlar və Cinayət Məcəlləsinin köməyi ilə tam nəzarət edir (??!!)

Çox yəqin ki, burada radikal və dövlət maraqları əleyhinə çıxış edən, hansısa xarici dairələrin sifarişlərini həyata keçirən qondarma dindarlar nəzərdə tutulur ki, onların fəaliyyətləri əsasında terror təhlükəsi də dayanır. Maraqlıdır, ABŞ və s. Qərb ölkələri, o cümlədən ABŞ-ın “Din Azadlığı Komissiyası” “terror təhlükəsi”, “kimyəvi silah axtarışı” adı altında “dövlət maraqlarını müdafiə” bəhanəsi ilə digər ölkələrə müdaxilə etmə hallarına qarşı hansı cavabı verə bilər?!

ABŞ-ın “Din Azadlığı Komissiyası” öz vətəndaşlarına – amerikalıların hərbi xidmətə getməməsi məsələsinə hansı münasibəti göstərərdi?!

Başqa tərəfdən, “yəhova şahidləri” və s. qeyri-ənənəvi dinlərin sıxışdırılması da iddia olunur ki, bu faktın özü əslində Azərbaycanda deyil, elə Avropanın özündə də qeydə alınıb. Çünki “yəhova şahidləri” deyilən sektanın “dini qaydalarına” görə, kimsə hərbi xidmətə gedə bilməz və bu “günahyımış”...Maraqlıdır, ABŞ-ın “Din Azadlığı Komissiyası” öz vətəndaşlarına – amerikalıların hərbi xidmətə getməməsi məsələsinə hansı münasibəti göstərərdi?!

Təəssüfledici də budur ki, özlərindən başqa kimsənin yüksək əməllərinə qiymət vermək istəməyən bənzər qurumlar Azərbaycanda mövcud olan dini azadlıqları görməzlikdən gəlir, ya da bunu qəsdən edir. Halbuki...

Halbuki ölkəmiz sivilizasiyalararası dialoq məsələsində özünün tarixi missiyasını uğurla davam etdirir və bununla bağlı dünyada böyük nüfuza malik olan siyasət, elm, din xadimlərinin, tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə paytaxtımız Bakı şəhərində əhəmiyyətli beynəlxalq tədbirlər keçirilir, qlobal miqyaslı məsələlərə dair ciddi müzakirələr aparılır, bəşəriyyətin bu gününü və gələcəyini maraqlandıran önəmli nəticələr əldə olunur. Digər tərəfdən, Azərbaycan mədəniyyətlərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə də öz töhfəsini verir. Ölkəmiz bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa səsləyir.

Niyə monoetnik və anti-tolerant ölkə olan işğalçı Ermənistana qarşı hesabatlar verilmir?

Təəssüfedici məqamlardan biri də budur ki, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən, məhz dini ayrı-seçkilikləri ilə ad çıxaran monoetnik, qeyri-tolerant, məscidləri və s. dinlərin məbədlərini dağıdaraq məhv edən Ermənistan barədə bir kəlmə də olsa mənfi rəy, əks-fikir söylənilmir, ancaq dünyaya bir nümunə olaraq təqdim edilən tolerant Azərbaycan dövləti dərhal ABŞ-ın “Dini Azadlıqlar Komissiyası” tərəfindən hədəfə götürülür. Hədəf isə bəllidir - əslində bu qurumun özü dini ayrı-seçkilik yaradaraq, dünyəvi və demokratik olan müsəlman Azərbaycan dövlətinin bu istiqamətdəki inkişafından təlaşlanır. Belə desək, ABŞ-ın sözdə dini komissiyası əslində Qərbin xristian klubu rolunu məharətlə ifadə edir. Nəticədə Azərbaycan xalqı tarixdə dəfələrlə milli ayrı-seçkilik ucbatından haqsızlığa məruz qalsa da, bu amillər bir kənara atılır, onun yerinə isə açıq-aydın qərəz faktoru ortaya atılır. Ancaq bütün bunlara baxmayaraq, xalqımız tolerantlıq, dözümlülük, multikultralizm kimi yüksək dəyərlərini daim yaşatmış, bu xüsusiyyətlərini itirməyib.

Bu gün Azərbaycan halisinin tərkibi etnik, dini və məzhəb baxımından zəngin olan Azərbaycanda indiyədək dini və milli zəmində heç bir qarşıdurma baş verməyib. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Çünki belə olmazsa, ABŞ-ın “Din Azadlığı Komissiyası” kimi qurumlar heç nəyi araşdırmamış, yaxud araşdırsa belə qərəzli hesabatları ilə ABŞ-ın deportamentsayağı siyasi oyunbazlıqlarını təkrar edəcək. Çünki belə qurumlar üçün nə dini, nə demokratik dəyərlər heç zaman öndə olmayıb. Onlar üçün pndə olan qərəz, yalan və iftiradır!

Rövşən NURƏDDİNOĞLU