Coğrafiya İnstitutunda iqlim dəyişmələrinə dair konfrans keçirilib

26 Aprel 2018 17:27 (UTC+04:00)

AMEA-nın Coğrafiya İnstitutunda (Cİ) "Qafqazın dağlıq regionlarında iqlim dəyişmələrinə uyğunlaşma imkanlarının gücləndirilməsi. Elm və təcrübə arasında qarşılıqlı əlaqənin optimallaşdırılması” mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Dövlət Statistika Komitəsi, biznes sektoru və vətəndaş cəmiyyəti, eləcə də təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Konfransı Qafqaz Dağlıq Regionlarının Elmi Şəbəkəsinin Azərbaycan nümayəndəsi Azər Qarayev açaraq tədbirin əsas məqsədinin elmlə praktikanın vəhdəti, eləcə də bu istiqamətdə yarana biləcək çatışmazlıqların müzakirəsi olduğunu bildirib.

Sonra Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri, son illərdə qazandığı nailiyyətlər, institutun gələcək regional və beynəlxalq əməkdaşlıq sahəsindəki planları, eləcə də prezidenti olduğu Azərbaycan Coğrafiya Cəmiyyəti barədə məlumat verib. Qafqaz mövzusunda keçirilən beynəlxalq forumlarda Azərbaycan alimlərinin iştirakının vacibliyini vurğulayan alim coğrafiyaçılarımızın Türkiyə, Rusiya, Gürcüstan və iranlı mütəxəssislərlə uğurlu əlaqələrindən danışıb.

Daha sonra Azər Qarayev “Elm və praktika vəhdətinin mövcud vəziyyəti, boşluqların və zəif tərəflərin identifikasiyası və əsas tələbatların müəyyən edilməsi” və Cİ-nin aparıcı elmi işçisi, c.ü.f.d. Rövşən Kərimov “Qafqaz Dağ Forumunda əməkdaşlıq” haqqında təqdimatla çıxış ediblər. Bildirilib ki, iqlim dəyişmələri və təbiət hadisələri ilə məşğul olan müxtəlif sahələrin mütəxəssisləri arasında əlaqələrin gücləndirilməsi vacibdir. Eyni zamanda, Qafqazda iqlim dəyişmələrinə adaptasiya məsələlərində elm və praktikanın qarşılıqlı vəhdəti zəruridir.

Konfransda, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Dövlət Statistika Komitəsi və digər qurumların rəsmiləri mövzu ilə bağlı çıxış edərək təkliflərini bildiriblər.