Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş konsert keçirilib

26 Aprel 2018 16:37 (UTC+04:00)

Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik, ictimai xadim Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. Rayonun elm, təhsil, mədəniyyət və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, sərgi və müxtəlif aksiyalar təşkil olunur.

Nəsimi rayon İcra Hakimiyyəti Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci ilə birgə R.Behbudov adına Mahnı Teatrında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirmişdir.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Qeyd etmişdir ki, Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur.

Daha sonra tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi Nazim Kazımov çıxış edərək görkəmli tibb mütəxəssisi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunan konsertin əhəmiyyətindən danışmış, konsertin təşkilində əməyi olan tələbə və müəllimlərin bu tədbirə böyük ehtiram və məhəbbətlə hazırlaşdıqlarını bildirmişdir .

Konsertdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin Nəfəs və zərb alətləri orkestri, Xalq çalğı alətləri ansamblı, Xor kollektivi və beynəlxalq müsabiqələr laureatları Azərbaycanın və xarici bəstəkarların musiqi əsərləri ilə çıxış etmişlər. Tədbirdə Musiqi Kollecinin beynəlxalq müsabiqələr qalibi olmuş bir qrup tələbəsinə diplom və hədiyyələr təqdim edilmişdir.