Politoloq: "Ermənistan hazırki şəraitdə təxribatlara əl ata bilməz" MÖVQE

26 Aprel 2018 14:27 (UTC+04:00)

“Ermənistanda gedən proseslər təkcə hakimiyyəti dəyişmədi. Çox güman ki, Ermənistanın yeni daxili siyasəti qurulacaq". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ermənistanda baş verən bu proseslərin yeni siyasi formatların yaranmasına səbəb olacağını dilə gətirən politoloq söyləyib ki, ancaq onu da demək lazımdır ki, indiki iqtidarı əvəz edən qrup daha radikaldır. Biz bilirik ki, onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti və aqressiv mövqeyi var. Ona görə də düşünürəm ki, Ermənistanda yeni hakimiyyətin formalaşması Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə müsbət təsir göstərməyəcək. Ermənistanda yeni hakimiyyət formalaşandan sonra daha dəqiq demək olacaq ki, hansı müsbət gözləntilərə ümid etmək olar”.

İstənilən halda, Azərbaycan ordusunun yetərli cavab vermək imkanına malik olduğunu deyən İ.Vəlizadə söyləyib ki, hazırki şəraitdə Ermənistan ordusunun məğlubiyyəti qaçılmazdır.

Politoloq əlavə edib ki, düşmən ölkə indiki şəraitdə böyük təxribatlara əl ata bilməz: “Çünki, aprel döyüşlərindən sonra Ermənistan yenidən belə bir addım atması və növbəti dəfə məğlub olması, düşmən ölkədəki vəziyyəti daha da acınacaqlı edə bilər”.