ATMU Beynəlxalq əlaqələr şöbəsinin müdiri “Beynəlxalq həftə” tədbirinin iştirakçısı olub

25 Aprel 2018 11:24 (UTC+04:00)

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa Avropa Birliyinin Erasmus+ KA 107 beynəlxalq təhsil layihəsi çərçivəsində İspaniya Krallığının Valladolid Universitetinin təşkilatçılığı ilə keçirilən “Beynəlxalq həftə” tədbirinin iştirakçısı olub. Universitetdən SİA-ya verilən məlumatda bildirilir ki, ATMU 2017-ci ilin avqust ayından adıkeçən ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Beynəlxalq tədbirin təşkilində başlıca məqsəd eyni zamanda məlum layihə çərçivəsində gələcək əməkdaşlıq imkanlarının konturlarını yenidən müzakirə edib, formalaşdırmaqdan ibarət idi. Dünyanın 23dən çox ölkəsini təmsil edən 40–a yaxın ali təhsil müəssisəsi tədbirə iştirakçı statusunda qatılıb. Bir həftə boyunca təşkil edilən tədbirdə ilk öncə Erasmus+ layihəsi çərçivəsində həyata keçirilən məsələlər müzakirə edilib. Müxtəlif iştirakçı universitetlərin qarşılaşdıqları problemlər diqqət mərkəzində saxlanılıb. Elanların verilmə vaxtları, müsahibələrin təşkili qaydaları və nəticələrin açıqlanması ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Qeyd etmək lazımdır ki, 2018 - 2019 – cu tədris ili ərzində ATMU-nun doktorantlarından 3 nəfər, magistrantlarından 3 nəfər və Biznes idarəçiliyi fakultəsinin bakalavr pilləsində müvafiq ixtisasa yiyələnən tələbələrdən daha 1 nəfər Avropa Birliyinin Erasmus+KA107 beynəlxalq təhsi proqramı çərçivəsində İspaniya Krallığının Valladolid Universitetində bir semester təhsilalma imkanına malikdir.

“Beynəlxalq həftə” çərçivəsində şəhər – gəzinti turları, Valladolid universitetinin Valladolid, Palensiya və Seqoviya şəhərlərindəki kampuslara səfər təşkil edilib.