“Ermənistandakı vəziyyət vətəndaş müharibəsinə gətirib çıxara bilər" AÇIQLAMA

25 Aprel 2018 11:18 (UTC+04:00)

“Ermənistanda narazı xalq yeni prezident Armen Sərkisyanı və köhnə prezident Serj Sərkisyanı qəbul etmir, Ermənistanda kəskin siyasi hakimiyyət böhranı yaranıb”. Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, hazırda da Ermənistanda gərgin vəziyyət davam edir və qarşıdurma ortadadır: “Bu proses tez başa çatan bir proses deyil və hərtərəfli iddialıdır. Müəyyən xarici qüvvələrdə həm hakimiyyət, həm də müxalifət tərəfdə dayanır. Kütləvi aksiyaların keçirilməsi təbiidir. Çünki əhalinin içərisində böyük narazılıq var. Ona görə də Nikol Paşinyan Serj Sarkisyanın istefasına nail oldu. Uzun müddət idi ki, Sarkisyan Ermənistandakı xalqın iradəsinin ziddinə olaraq yenə də hakimiyyətdə qalmaq istəyirdi. Ümumiyyətlə bu məsələlər heç zaman öz həllini tapa bilməyəcək. Yəni artıq Paşinyanda Ermənistanda baş nazirlik postuna iddialıdır. Təbiidir ki, hakim Respublika Partiyasını və onun nümayəndəsi Karen Karapetyan da geri çəkilmək istəməyəcək. Sarkisyanın da qüvvələri öz istəklərində təkidlidirlər. Bir sözlə, mürəkkəb bir situasiya yaranıb. Eyni zamanda Ermənistan həm də Qərblə Rusiya arasındakı qarşıdurmanın meydanına çevrilib. Qərb Ermənistanda öz təsir imkanlarını artırmağa çalışır. Rusiya da çalışacaq ki, Sarkisyan olmasa da yerinə kim gələcəksə o rəsmi Kremlin maraqlarını təmin etsin. Ola bilər ki, Ermənistandakı vəziyyət silahlı qarşıdurma, vətəndaş müharibəsi həddinə gəlib çatsın”.