Bakıda Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub

24 Aprel 2018 23:19 (UTC+04:00)

Heydər Əliyev Sarayında Türkiyənin Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Təhsil Nazirliyinin məlumatında deyilir ki, tədbirdə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral ölkəsi ilə Azərbaycanın qardaşlıq münasibətlərindən danışıb. Səfir tədbirin əhəmiyyətini diqqətə çatdırıb, uşaqlara xoş arzularını bildirib.

Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov uşaqları əlamətdar gün münasibətilə təbrik edərək, bu bayramın respublikamızda da qeyd edilməsinin ölkələrimiz arasındakı dostluq və qardaşlığın göstəricisi olduğunu vurğulayıb. Nazir müavini Azərbaycanda uşaqların yüksək qayğı ilə əhatə edildiyini, onların sağlam böyüməsi və təhsil alması üçün hər cür şərait yaradıldığını söyləyib.

Tədbir musiqi, rəqs proqramı ilə davam edib. Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” kollektivi milli və türk xalqlarının rəqslərindən ibarət kompozisiya ilə çıxış edib.

Səfir Erkan Özoral tədbirin keçirilməsində əməyi olan təşkilatçıları, o cümlədən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyini mükafatlandırıb.