Formula 1 Azərbaycan Qran-Prisinə dəstək məqsədilə qolf turniri keçirilib

24 Aprel 2018 19:15 (UTC+04:00)

“Dreamland” klubu Formula 1 Azərbaycan Qran-Prisinə dəstək məqsədilə qolf turniri keçirib. Turnirdə 20 komandadan ibarət olmaqla Azərbaycan və qonşu ölkələrdən olan 80 qolfçu gücünü sınayıb.

Turnirin qalibləri Alastar Anderson, Syuzan Dramond, Qrant Uatson və Evan Dramond 67 zərbənin yekununda 59.9 balla ən yüksək pilləyə layiq görülüblər. 68 zərbənin yekununda 59.9 bal qazanan Li Henderson, Stivn Çepmen, Qrem Biti və Stiv Beykr isə ikinci yerdə qərarlaşıblar. Üçüncü yerin mükafatçıları isə Alister Makdaf, Endryu Halston, Nikolas Yanq və Qeri Qal olublar.

“Nearest the pin” yarışı üzrə ən yaxşı nəticəni 10-cu dəlikdə Alan Ferguson, 17-ci dəlikdə Xəlil Hüseynov qazanıb. “Longest drive” yarışı üzrə ən yaxşı nəticəyə 9-cu dəlikdə Syuzan Dramond, 16-cı dəlikdə Li Henderson yiyələnib. Ən sürətli zərbə isə Mik Trioloya məxsus olub.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim qeyd edib: “Artıq üçüncü ildir ki, bu tədbirə dəstəyimizi nümayiş etdiririk. Bu qədər oyunçunu bir arada görməkdən və “Dreamland” qolf klubunun heyətinin qonaqpərvərliyindən çox məmnunuq. İştirakçıların turnirlə bağlı fikirləri olduqca müsbətdir.

“Dreamland” klubunun baş direktoru Fil Cones isə öz növbəsində turnirə göstərdiyi dəstəyə görə, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinə öz təşəkkürünü bildirib.