Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24 Aprel 2018 18:15 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin yenidən prezident seçilməsi münasibəti ilə təbrik zəngləri gəlməkdə davam edir.

Çex Respublikasının Prezidenti Miloş Zeman:

Hörmətli cənab Prezident. İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.

Mən çox şadam ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanan əlaqələr səmimi və davamlı xarakter daşıyır, müsbət istiqamətdə inkişaf etməkdədir. Bununla bərabər, hər iki tərəf üçün iqtisadi sahəni inkişaf etdirməyə imkan verəcək yaxşı perspektivlər mövcuddur. Buna görə də əminəm ki, yeni mandatınız dövründə mövcud layihələrin həyata keçirilməsi işinə birgə töhfə verəcək və yeni layihələrə imza atacağıq.

Azərbaycan yalnız ikitərəfli sahədə mühüm tərəfdaş deyildir. İnanıram ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi bundan sonra da davam edəcəkdir. Həmçinin Çex Respublikasının da təşəbbüskarı olduğu və qonşuluğumuzdakı ən yaxın tərəfdaşlarımızla münasibətlərin inkişafı üçün əvvəllər olduğu kimi, dost və faydalı format olaraq dəyərləndirdiyimiz Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq üçün də perspektivlər vardır.

Mən 2015-ci ilin sentyabr ayında Bakıda dövlət səfərində olmağımı böyük məmnuniyyət hissi ilə xatırlayıram. Eləcə də daha öncəki dəvətimi təkrar xatırladaraq Sizin Praqaya səfərinizi gözlədiyimi bildirmək istəyirəm.

Hörmətli cənab Prezident, seçkilərdəki qələbəniz münasibətilə Zati-alinizi bir daha təbrik edir, Sizə, yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimba:

Hörmətli cənab Prezident. Dost Azərbaycan xalqının mütləq əksəriyyəti 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində öz səsini yenidən Sizə verdi.

Zati-aliləri, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz Sizin dövlət xadimi kimi nüfuzunuzun və xidmətlərinizin sübutudur.

Bu xoş fürsətdən istifadə edərək Qabon xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimizi Sizə çatdırmaqdan məmnunluq duyuram. Ali dövləti vəzifənizdə Sizə yeni-yeni uğurlar arzu edirəm.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin xalqlarımızın maraqlarına uyğun olaraq daim möhkəmləndirilməsi naminə Sizinlə birgə işləmək arzusunda olduğumu bir daha ifadə etməkdən məmnunam.

Cənab Prezident, bir daha Sizə səmimi təbriklərimi çatdırır və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

İspaniyanın Baş naziri Mariano Rahoy Brey:

Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İspaniya hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizə prezidentliyinizin yeni dönəmində daha böyük uğurlar arzu edirəm. Zati-aliləri, Sizi əmin edirəm ki, İspaniya ölkələrimiz arasındakı yaxşı və səmimi münasibətlərin daha da dərinləşdirilməsi, eləcə də Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Küveyt Dövlətinin Baş naziri Cabir əl-Mübarək əl-Həməd əl-Sabah:

Hörmətli cənab Prezident. Dost Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, xalqınızın rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək Küveyt Dövləti ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan tarixi əlaqələrdən məmnunluğumuzu bildirir və birgə səylərimizlə bu əlaqələri dost ölkələrimizin mənafeyi naminə daha da möhkəmləndirmək və inkişaf etdirmək əzmində olduğumuzu bir daha vurğulayırıq.

Zati-alinizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan Respublikasına davamlı inkişaf və əmin-amanlıq arzulayıram.

Cənab Prezident, xahiş edirəm Sizə böyük hörmət və ehtiramımı qəbul edin.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş:

Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və ən xoş arzularımı çatdırıram.

Sizinlə Birləşmiş Millətlər Təşkilatının həm Azərbaycandakı rezident əlaqələndiricisi, həm də digər qurumları vasitəsilə qarşılıqlı maraq doğuran məsələlər üzrə bundan sonra da sıx əməkdaşlığımızı davam etdirmək niyyətindəyik.

Biz Azərbaycanın BMT-nin əsas dəyər və prinsiplərinə, o cümlədən dünyada sülhün, təhlükəsizliyin, davamlı inkişafın və insan hüquqlarının təmin olunmasına dair dəyər və prinsiplərinə sadiq olduğuna inanırıq. Əminəm ki, Sizin əzmkar rəhbərliyinizlə Azərbaycan bundan sonra da gənclərin üzləşdiyi problemlərin həllində və mədəniyyətlərarası dialoq məsələlərində əhəmiyyətli rolunu qoruyub saxlayacaq.

Bildiyiniz kimi, BMT uzun müddətdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini qətiyyətlə və davamlı şəkildə dəstəkləyib. Ümidvaram ki, bu istiqamətdə səylər daha da fəallaşacaq və bütün Cənubi Qafqaz regionunun xalqları üçün əbədi sülhə və tərəqqiyə nail olunması yolunda müsbət nəticələr verəcək.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.

Almaniya Federativ Respublikası Bundestaqının üzvü Karin Ştrents:

Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında mədəni, iqtisadi, elmi və siyasi əlaqələrin dərinləşdirilməsi üçün gələcəkdə də dəstəyimi göstərməyə hazır olduğumu bildirirəm.

Dəfələrlə ölkənizdə səfərdə olmuşam. Hər səfərdə Azərbaycanın inkişafı və xüsusi əhəmiyyətindən daha da təsirlənmişəm. Sizin yorulmaz fəaliyyətiniz və davamlı səyləriniz nəticəsində Azərbaycan ötən illərdə çox böyük uğurlara nail olub.

Bu il aprelin 29-dan mayın 2-dək yenidən Bakıya səfər edəcəyimdən böyük sevinc hissi duyuram.

Səfərimin əsasında birgə tariximizin köklərini əks etdirən Azərbaycanda alman məskənlərinin 200 illik yubileyi durur. Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun sədri kimi fəaliyyətim dövründə belə tədbirlərdə həvəslə iştirak etmişəm. Çünki mədəni əlaqələr ən müxtəlif köklərə malik insanlar arasında münasibətlərin möhkəmlənməsi üçün mühüm amildir.

Zati-aliləri, bir daha Sizi səmimi qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli vəzifənizdə yeni-yeni uğurlar diləyirəm.

İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu:

Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsinə verdiyiniz şəxsi töhfəni yüksək qiymətləndiririk. Yaxşı xatırlayıram, Çex Respublikasının paytaxtı Praqada keçirilən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitində gündəlikdən kənara çıxaraq qondarma “soyqırımı” iddiaları ilə çıxış edən Ermənistan prezidenti Sarkisyana sərt etiraz edərək “Türkiyə burada yoxdur, amma mən buradayam” deyərək, Türkiyə-Azərbaycan qardaşlığını bir daha nümayiş etdirdiniz.

Bölgədə sabitliyin və etimadın davam etməsi üçün Sizin yenidən prezident seçilməyiniz Azərbaycan və Türkiyə xalqları tərəfindən sevinclə qarşılanıb.

Hörmətli Prezidentimiz, Sizi təbrik edir, qardaş Azərbaycan xalqına ehtiramımı çatdırıram.

Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı və həmrəyliyi!

Gürcüstanın Acariya Muxtar Respublikasında fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Gürcü–Azərbaycan xeyriyyəçilik Cəmiyyətinin prezidenti Vidadi Axundov:

Çox hörmətli cənab Prezident. Gürcüstanın Acariya Muxtar Respublikasında fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Gürcü–Azərbaycan Xeyriyyəçilik Cəmiyyəti Sizi prezident seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edir.

Yenidən Prezident seçilməyiniz xalqın Sizin rəhbərliyinizlə aparılan siyasətə yüksək etimadının və dəstəyinin təzahürüdür. Aprelin 11-də Azərbaycan xalqı öz iradəsini ifadə etməklə, ölkənin tərəqqisinə, vətəndaşların rifahının yüksəlməsinə yönəlmiş quruculuq siyasətinizi hərtərəfli dəstəklədiyini bütün dünyaya nümayiş etdirdi. Seçkilərdə inamlı qələbəniz ali dövləti vəzifənizin həyata keçirilməsində Sizin xalq qarşısında xidmətlərinizin və siyasi nüfuzunuzun parlaq sübutudur.

Gürcüstanın Acariya Muxtar Respublikasında yaşayan azərbaycanlılar dahi Heydər Əliyevin əsasını qoyduğu və Sizin davam etdirdiyiniz konstruktiv, sülhsevər xarici siyasət xəttini alqışlayır və ürəkdən bəyənirlər.

Çox hörmətli cənab Prezident, Gürcüstan ilə Azərbaycan arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. Gürcüstanın Acariya Muxtar Respublikasındakı Azərbaycan diasporu əmindir ki, Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı yardımın misli görünməmiş səviyyəsi bundan sonra da hər iki qardaş xalqın rifahı naminə əlaqələrimizin inkişafı və möhkəmlənməsi üçün sarsılmaz zəmin olacaqdır.

Acariya azərbaycanlıları azərbaycançılıq məfkurəsinə tam sadiq olduqlarını bəyan etməklə, Sizə – dünya azərbaycanlılarının liderinə səmimi qəlbdən möhkəm cansağlığı, rifah, Azərbaycan naminə ali dövləti vəzifənizdə uğurlar arzulayırlar.

Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sərrac:

Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırır, işlərinizdə uğurlar diləyirəm.

Əminəm ki, bu ali vəzifəyə yenidən seçilməyiniz ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin inkişafına təkan verərək, dost ölkələrimizin və xalqlarımızın müştərək mənafeyi naminə bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etməsində böyük rol oynayacaqdır.

Dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirov:

Möhtərəm cənab Prezident. Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Prezident seçkilərində inamlı qələbəniz milyonlarla həmvətənimizin Sizə göstərdiyi yüksək etimadın sübutudur. Əminəm ki, dövlət başçısı vəzifəsində uzun illər boyu qurucu əməyinizlə topladığınız zəngin idarəçilik təcrübəsi Sizin xalqımıza, o cümlədən xaricdə yaşayan həmvətənlərimizə bundan sonra da eyni dərəcədə uğurla rəhbərlik etməyinizə və ölkəni sosial-iqtisadi inkişaf yolu ilə inamla irəli aparmağınıza imkan yaradacaqdır.

Biz, İsveçrədə yaşayan azərbaycanlılar Azərbaycan həqiqətlərinin təbliğ olunması, diaspor təşkilatlarının inkişaf etdirilməsi, həmvətənlərimizin hüquq və mənafelərinin qorunması üçün gördüyünüz işləri yüksək qiymətləndirir, həyata keçirdiyiniz siyasi kursu birmənalı olaraq dəstəkləyirik.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ölkə naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Azərbaycanın Dostları Təşkilatının rəhbəri Arzu Əliyeva:

Möhtərəm cənab Prezident. 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımı çatdırıram.

Yenidən Azərbaycan Prezidenti seçilməyiniz Sizin yüksək siyasi nüfuzunuzun, ölkənin siyasi, iqtisadi, sosial-mədəni inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinizin nəticəsidir. Sizin liderliyinizlə Azərbaycan dövlət quruculuğu, siyasət, iqtisadiyyat, mədəniyyət və milli ənənələrin qorunması sahələrində böyük nailiyyətlər əldə etmişdir.

İnanırıq ki, bundan sonra da bütün istiqamətlərdə olduğu kimi, diaspor təşkilatlarının inkişafında da yeni-yeni addımlar atılacaqdır. İsveçrədə yaşayan azərbaycanlılar olaraq, Azərbaycan həqiqətlərinin təbliğində həmvətənlərimizin hüquq və mənafelərinin müdafiəsi yolunda gördüyünüz işləri yüksək qiymətləndirir, siyasi kursunuzu yekdilliklə dəstəkləyirik.

Cənab Prezident, Azərbaycan Respublikasının daha da inkişaf etməsi naminə Sizə yeni-yeni uğurlar arzulayıram. Əminəm ki, zəngin təcrübəniz və yüksək idarəçilik istedadınız bundan sonra da ali dövləti vəzifənizdə böyük uğurlar qazanmağınıza imkan verəcəkdir.

Ankara Azərbaycan Evi Mədəniyyət Dərnəyinin İdarə Heyətinin üzvü Songül Dündar:

Hörmətli cənab Prezident. Azərbaycanda keçirilən prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi və qardaş xalqınızı təbrik edirəm.

Yenidən Prezident seçilməyinizdən Azərbaycan ilə “Bir millət, iki dövlət” olan Türkiyənin vətəndaşı kimi məmnunluq duyuram. Sizə cansağlığı, yeni qələbələr arzulayıram.

“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə:

Möhtərəm Prezidentimiz, Zati-aliləri, çox hörmətli İlham Heydər oğlu Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Küveyt Dövlətində yaşayan azərbaycanlıları özündə birləşdirən “Vətənsevər” Mədəniyyət və Dostluq Cəmiyyətinin bütün üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Zati-alinizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Cənab Prezident, biz Küveytdə Azərbaycan vətəndaşları olaraq Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik və hər zaman yanınızdayıq. Siz Azərbaycanı dünyada çox yüksək səviyyədə tanıtmısınız. İnanırıq ki, ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirərək Vətənimiz Azərbaycanı daha işıqlı sabaha qovuşduracaqsınız. Tanrı bu şərəfli yolda Sizin köməyiniz olsun. Yolunuz işıqlı və rəvan olsun. Bütün dualarımız Sizinlədir.

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Yaşasın İlham Əliyev!

“Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyev:

Çox hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində Sizin qələbəniz bütün dünya azərbaycanlıları kimi, Gürcüstan azərbaycanlılarının da böyük sevincinə səbəb olub. Sizin – ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısının rəhbərliyi ilə ölkədə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzu artmış, bölgədə liderlik mövqeyi daha da güclənmiş və xalqımız sabitliyin, təhlükəsizliyin tam təminatçısı olan milli liderinə yenidən etimad göstərmişdir.

Cənab Prezident, Sizi inamlı qələbəniz münasibətilə təbrik edir, doğma Azərbaycanımızın rifahı, xalqımızın xoşbəxt gələcəyi, ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda Sizə böyük uğurlar diləyirik.

Əminik ki, Ulu Öndərin siyasi kursuna sədaqət Sizə həmişə uğur, qələbə gətirəcək, Azərbaycan bundan sonra da inkişaf edəcək, xalqımız öz lideri ilə daha xoşbəxt günlərini yaşayacaqdır!