Milli Məclisin komitə iclasında 4 məsələyə baxılıb

24 Aprel 2018 15:56 (UTC+04:00)

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 4 məsələyə baxılıb.
SİA-nın xəbərinə görə, öncə komitənin sədri Əli Hüseynli gündəlik barədə məlumat verib. Sonra Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid gündəlikdəki 3 Konstitusiya qanununun layihəsini şərh edib. O bildirib ki, “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunlarının layihəsi parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub.

Layihələr ətrafında gedən müzakirələrdə qeyd olunub ki, dövlət atributları haqqında Konstitusiya qanunlarının qəbul olunması mühüm hadisədir. Təkliflər dinlənilib.

Komitədə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsis olunması ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif olunan dəyişiklik də məqsədəuyğun sayılıb.

Fikir mübadiləsindən sonra qərara alınıb ki, baxılan qanun layihələrinin dördü də Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim olunsun.