Formula 1 azarkeşlərini “Baku Crystal Hall”da möhtəşəm şoular gözləyir - FOTOLAR

24 Aprel 2018 14:30 (UTC+04:00)

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində “Baku Crystal Hall”da keçiriləcək əyləncə proqramının işçi heyətinin aprelin 24-də görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə işçi heyətinin vəzifələri, tədbir vaxtı üzərlərinə düşəcək məsuliyyət və tədbirə hazırlığın səviyyəsi müzakirə olunub.

Aprelin 27-29-da Formula 1 yarışları çərçivəsində “Baku Crystal Hall”da dünya ulduzlarının və məşhur DJ-lərin iştirakı ilə möhtəşəm konsert proqramlarının təşkil olunacağını bildirən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin əməliyyatlar üzrə meneceri Elvin Məmmədov deyib: “Əyləncə proqramına bilet satışı davam edir. Hazırda konsertlərin keçiriləcəyi səhnənin tikintisi həyata keçirilir. Tikinti işlərinin aprelin 26-dək aparılacağı nəzərdə tutulub. Həmçinin xüsusi platformalar hazırlanıb ki, burada “Billioner” avto partinin təşkili planlaşdırılıb”.

Qeyd edilib ki, fiziki qüsurlu tamaşaçılar üçün iki platforma hazırlanıb. Platformada 34 əlil arabası yerləşdirilə biləcək. Tamaşaçılar biletlərindəki kateqoriyalara uyğun yerləşdiriləcəklər. Buraya oturacaqlı və oturacaqsız biletlər daxildir. Oturacaqlı biletlərə sahib tamaşaçılar üçün 8 minlik yer hazırlanıb. Buraya “Abşeron” tribunasına, “Paddock” kluba və korporativ bokslara biletləri olan tamaşaçılar daxildir. Ayaqüstü zona isə 18-20 min tamaşaçını qəbul edəcək. Formula 1 azarkeşlərini “Baku Crystal Hall”da möhtəşəm şoular gözləyir.

Əyləncə proqramı zamanı səhnəyə daha yaxın hissəyə - “Qızıl dairə”yə standart biletlərə sahib tamaşaçıların buraxılmayacağını diqqətə çatdıran Elvin Məmmədov bildirib ki, bu sahəyə daxil olmaq istəyənlər əlavə ödəniş etməlidirlər. Belə ki, “Qızıl dairə”nin biletlərini konsertlərin təşkil olunacağı “Baku Crystal Hall”ın kassalarından və şəhərimizin satış məntəqələrindən əldə edə bilərlər.

Bütün bilet sahibləri aprelin 27-29-da axşam saatlarından etibarən keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər. Aprelin 27-də əvvəlcə səhnəyə “Jamiroquai” qrupu çıxacaq və sonra onun ardınca gecə saatlarında DJ Afrojackın iştirakı ilə əyləncə proqramı baş tutacaq. Aprelin 28-də bir-birinin ardınca səhnədə Kristina Aqilera ilə “Axwell Λ Ingrosso”, aprelin 29-da isə Dua Lipa ilə Martin Solveig yer alacaqlar. Həmçinin proqram aralarında verilən fasilələrdə yerli DJ-lər də səhnəyə çıxaraq tamaşaçılara əyləncə ilə dolu gecə təqdim edəcəklər. Əvvəlki illərdəkindən fərqli olaraq bu il dünya ulduzlarının konsert proqramları “Baku Crystal Hall”da keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün Azneft dairəsi ilə “Baku Crystal Hall” arasında xüsusi avtobuslar fəaliyyət göstərəcək.