Milli Məclis Novruz Məmmədovun Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verib

21 Aprel 2018 12:17 (UTC+04:00)

Milli Məclis aprelin 21-də keçirilən iclasında Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən bu barədə qərar qəbul edib.

Xəbər verdiyimiz kimi bu gün Milli Məclisdə Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun baş nazir postuna namizədliyi müzakirəyə çıxarılacaq. SİA yeni baş nazirin qısa bioqrafiyasını təqdim edir.

Novruz İsmayıl oğlu Məmmədov (d. 15 mart 1947; Babək, Azərbaycan) — ictimai-siyasi xadim, I dərəcəli dövlət müşaviri, Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi (2017-ci ildən), Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini (2012-2017), Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri (1997-ci ildən) və Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri (2017-ci ildən).

Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.

Novruz Məmmədov 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləmişdir.

12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olmuşdur.

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilmişdir.

2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilmişdir.

Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur - "Fəxri Legion" ordeni ilə təltif edilmişdir.

2005-ci ilin sentyabrından YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür.

Novruz Məmmədov 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunmuşdur.

13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.

1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiridir.

İşlədiyi müddətdə Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə səfərlərində, müxtəlif sammit, beynəlxalq forum və konfranslarda Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvü olmuş, ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmişdir.

Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.

Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı və nəvələri var.

Elmi fəaliyyəti

Kitabları: • IX sinif üçün fransız dili dərsliyi ("Le Français", 1994) • "Fransız dilinin praktik fonetikası" (1997) • "Geosiyasətə giriş" (1-ci cild, Bakı, “Azərbaycan nəşriyyatı”, 2011.- 576 səh.) • "Geosiyasətə giriş" (2-ci cild, Bakı, “Azərbaycan nəşriyyatı”, 2011.- 416 səh.) • “Xarici Siyasətin Azərbaycan Modeli” (Bakı, Çaşıoğlu, 2012.-464 səh.) • "Xarici siyasət: reallıqlar və gələcəyə baxış" (Bakı, Qanun nəşriyyatı, 2013.-264 səh.) • “Dış Politika: Gerçeklikler ve Geleceğe Bakış” (Ankara, Berikan yayınevi, 2015.-308 səh.)

Rəhbərlik etdiyi və baş redaktoru olduğu nəşrlər: • “Diplomatiya: ensiklopedik lüğət” (Bakı, “Diplomat” nəşriyyatı, 2005.-578 səh.) • “Qlobal Siyasət: Təhdidlər, çağırışlar, ümidlər” (Bakı, Qanun nəşriyyatı, 2013.-320 səh.) • “Кто прав, тот и сильнее?” (Bakı, “Zərdabi LTD”, 2013.-344 səh.) • “Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” (Bakı, 2014.-232 səh.) • “Современная Система Международных Отношений: Сквозь Призму Newtimes.az” ”(Bakı, “Elm və Təhsil”, nəşriyyatı 2015.-319 səh.) • “Günümüz Jeosiyasi Süreçlerinin Perde Arkası”(Bakı, “Elm və Təhsil”, nəşriyyatı 2015.-366 səh.) • “Müstəqil Azərbaycanın 25 ili Səfirlərin gözü ilə”(Bakı, ”BEST-TMS” MMC, 2016, - 645 səh.)

Tərcümələri: • Erix Fayql - “Правда о терроре: армянский терроризм - истоки и причины” (rus dilinə, Bakı, Azərnəşr, 2000.-176 səh.) • Piyer Qamarra - "L'Assassin a le prix Goncourt"1963 (azərbaycan dilinə, Bakı, “Azərbaycan nəşriyyatı 2010.-216 səh.) • Philippe Braillard, Mohammad Reza Djalili "Les relations internationales". 1997. (azərbaycan dilinə, Bakı, “Azərbaycan nəşriyyatı”, 2010.-128 səh.)

N.Məmmədov həmçinin, elmi, ictimai və siyasi mövzularda 150-dən artıq məqalənin müəllifidir.