İnfarkt nəticəsində ölümdən qurtulmağın yolu açıqlanıb

21 Aprel 2018 00:15 (UTC+04:00)

İsveç kardioloqları müəyyən ediblər ki, fiziki aktivlik ürəktutması keçirənlərin erkən ölümdən xilas olmasına kömək edir.

AZƏRTAC “Novosti Mail.ru” saytına istinadla xəbər verir ki, həkimlərin apardığı tədqiqatda 2005-2013-cü illərdə miokard infarktı keçirən 22 227 nəfər iştirak edib. Kardioloqlar onların fiziki aktivliyini iki dəfə - ürəktutmasından 6-10 həftə keçmiş müddətdə və 12 ay sonra qiymətləndiriblər. Hər iki halda sorğuya cəlb olunan könüllülər bundan öncəki yeddi gün ərzində, həm də 30 dəqiqədən az olmamaq şərti ilə necə məşq etdiklərini göstəriblər. Bu, infarktdan sonra əzələlərin üzərinə düşən yükün necə dəyişdiyini müəyyən etməyə imkan verib.

Orta hesabla 4,2 il ərzində 1087 xəstə vəfat edib. Ölüm riski fiziki aktiv olmayanlar arasında daha yüksək olub. Belə ki, tək-tük məşqlər ölüm ehtimalını 37 faiz, ardıcıl məşqlər isə 59 faiz azaldıb. Alimlərin fikrincə, infarkt keçirənlər siqareti atmaq və sağlam qidalanma ilə yanaşı, həftədə ən azı iki dəfə məşqlərə də diqqət yetirməldirlər.