“Yay gecəsində yuxu” ikihissəli baleti nümayiş etdiriləcək

21 Aprel 2018 09:15 (UTC+04:00)

Aprelin 28-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Feliks Mendelson Bartoldinin “Yay gecəsində yuxu” ikihissəli baleti nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, səhnə əsərində Oberon obrazını gənc balet artisti Timur Əsgərov canlandıracaq.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.