Azərbaycan xalqı sülh, sabitlik istəyini nümayiş etdirdi

20 Aprel 2018 13:35 (UTC+04:00)

2018-ci il 11 aprel tarixdə ölkəmizdə keçirilən prezident seçkiləri xalqımızın öz istəyini müstəqil şəkildə ifadə etdiyi, mahiyyət etibarilə mütəşəkkil və sivil qaydalara əsaslanan secki kimi yadda qaldı. Xalqımız özünün layiqli namizədinə səs verməklə müdrikliyini bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinə Azərbaycan xalqının verdiyi bu qiymət hesab edirəm ki, haqq-ədalətə, qurulmuş möhkəm dövlətçiliyə, parlaq gələcəyə verilən tarixi dəyərdir. Çünki, verdiyi vədlərə sadiq olan, xalqın maraqları ilə dövlətin maraqlarını uzlaşdıran və bunların fonunda uğurlu islahatlar həyata keçirən Prezident İlham Əliyev dövlət başçısı kimi tariximizdə özünəməxsus yer tutmuşdur.

Bu, zənnimizcə, elmi əsaslarla izah oluna bilən, milli yaddaşımızın şərəf və qürur tarixi kimi qiymətləndirilməlidir. Diqqətcəkən digər maraqlı məqam odur ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının namizədi olmasına baxmayaraq - körpələrdən ahil vətəndaşlarımızadək hamının onu alternativsiz lider qəbul etməsi dövlət başcısına ümumxalq sevgisindən və dövlət başcısının öz taleyini xalqın taleyinə bağlamasından xəbər verir. Hesab edirəm ki, bu həm partiyamızın, həm də bütöv Azərbaycan xalqının güclü dövlətcilik uğrunda ümummilli qələbəsidir.

Sənan HƏSƏNOV, YAP Fəlsəfə İnstitutu təşkilatının sədri,

Siyasi elmlər üzrə fəlsəfə doktoru,

Ulu Öndər Heydər Əliyev irsinin tədqiqatcısı