“Qərbi Kaspi” siyasi dərgisi işıq üzü görüb

17 Aprel 2018 16:23 (UTC+04:00)

Qərbi Kaspi Universiteti Tətbiqi Politologiya Mərkəzinin “Qərbi Kaspi” siyasi dərgisi işıq üzü görüb. Universitetdən SİA-ya verilən məlumata görə, rüblük nəşri nəzərdə tutulan dərgidə Azərbaycanın yer aldığı bölgədə və dünyada baş verən əsas hadisələrin analizi verilib. Nəşrdə əsasən mərkəzin ekspertlərinin və bir neçə kənar müəllifin yazısı yer alıb.

Dərgidə Tətbiqi Politologiya Mərkəzinin 2017-ci ilin sentyabrından bu günədək fəaliyyət göstərdiyi müddətdə həyata keçirdiyi tədbirlər və görüşlər də əksini tapıb.

Nəşrdə mərkəzin ekspert-tələbələrinin Çexiyanın ölkəmizdəki səfirinin müavini Petr Vaqnerlə müsahibəsi də dərc olunub. Müsahibədə Çexiya-Azərbaycan münasibətlərinin 100 illik münasibətlərini əks etdirən kitabın hazırlanmasından və kitabda yer alacaq maraqlı faktlardan danışılır.

Tətbiqi Politologiya Mərkəzinin növbəti nəşri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunacaq.