Sınaq imtahanının nəticələri açıqlanıb

17 Aprel 2018 16:35 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 15-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib. DİM-dən SİA-ya bildiriblər ki, hər bir abituriyent bu qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 23.124 abituriyentdən 264-ü imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün iki abituriyent imtahandan xaric olunub.

Aprelin 29-da keçiriləcək növbəti sınaq imtahanlarına yazılış davam edir.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Sınaq imtahanı üçün ödəmə kartlarının alınması” bölməsinə daxil olaraq “Sınaq imtahanı” ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində “yeni istifadəçi” kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər isə istədikləri zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.