Ermənistanda etirazçılar xeyli dövlət obyektlərini bloka alıb

17 Aprel 2018 15:30 (UTC+04:00)

Yerevanda etirazçılar onlarla dövlət obyektlərini blokadaya alıblar. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, deputat Paşinyanın başçılığı ilə hərəkət edən etirazçılar hər binanın qarşısında 10-15 nəfərlik qruplar şəklində blokadaya alır və bununla da həmin müəssisənin fəaliyyətini iflic edirlər. Hazırda etirazçılar mərkəzi küçə ilə digər dövlət müəssisələrinə tərəf addımlayırlar.

Bununla əlaqədar bütün müəssisələrin qapıları bağlanılıb. Buna görə də etirazçılar həmin obyektlərin qarşısında oturaq aksiya keçirirlər.

Etirazçılar ilə polis arasında gərginliyin artması fonunda ilk şikayət səsləri polisdən gəlir. Ermənistan polisi etirazçıların onlara qarşı zor tətbiq etdiklərini nümayiş etdirən videomaterial yayımlayıb. Videomaterialda etirazçıların polisin qanuni əmrinə tabe olmadıqları və polislərə tərəf daş, taxta və s. atdıqları görsənir.

Hadisə ilə əlaqədar qaldırılmış cinayət işində həmin şəxslərin kimliklərinin müəyyən olunması və məsuliyyətə cəlb olunması işi aparılır.

Qeyd edək ki, Erməsintan polisi aprelin 16-dan Nikol Paşinyanın başçılığı ilə keçirilən etiraz aksiyalarını dayandırmaq qərarı qəbul edib və iştirakçılardan meydanları boşaltmağı tələb edib.