"Qazanılan nailiyyətlərin əsasında xalqın öz Prezidentinə inamı dayanır"

17 Aprel 2018 14:32 (UTC+04:00)

"Azərbaycanda qazanılan nailiyyətlərin təməlində xalqın öz Prezidentinə sevgisi, inamı dayanır. Bu gün Azərbaycanda yüksək vətəndaş həmrəyliyi formalaşıb və xalq-hakimiyyət vəhdəti mövcuddur". SİA-nın verdiyi məlumata görə, bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Prezidentimiz hər dəfə görüşlərdə və müxtəlif tədbirlərdə bütün uğurların təməlində xalqla iqtidarın birliyinin olduğunu deyərək, xalqa olan sevgisini ifadə edir. Bu birlik isə bütün problemlərin həllində əsas rol oynayır. Azərbaycan Prezidenti istər daxili siyasətində, istərsə də xarici siyasət kursunda bir əsas xəttə - milli maraqlara, dövlətçilik mənafeyinə üstünlük verir ki, bu da dövlət olaraq əldə etdiyimiz nailiyyətlərin əsası sayılır.

"Prezident İlham Əliyev hər zaman vurğulayır ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həyata keçirilən siyasi kurs, aparılan islahatlar, yeniliklər vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, onların həyat şəraitinin daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb. Ötən illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji önəm daşıyan prioritet sahələrə, o cümlədən də neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 80 faizədək artıb ki, bu da böyük nailiyyətdir. Bundan başqa, ölkəmizdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə əsasən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülür. Bu baxımdan, ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir", - deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.