AXCP və Müsavat arasındakı “barış” sona çatdı TƏRS BAXIŞ

17 Aprel 2018 14:17 (UTC+04:00)

Dağıdıcı düşərgənin sonunu gətirən uğursuz aksiyalardan sonra Əli Kərimli-Arif Hacılı savaşına start veriləcək

Uzun illərdir aralarındakı düşmənçilik mövqeləri səngiməyən AXCP və Müsavat partiyalarının “müvəqqəti barış” gedişlərinə son qoyuldu. Artıq, Müsavatın bu günlərdə keçirdiyi Divan toplantısından sonra partiyanın AXCP-“Milli Şura” cütlüyü ilə eyni cinahdan çıxış etməməsi barədə qərarın da verildiyi bəlli olub. Əslində, heç vaxt bir araya gələ bilməyəcək hər iki partiyanın sadəcə, bir neçə aksiya xətrinə yığışdıqları öncədən məlum idi...

Arif Hacılı kənara çəkilmək üçün Divan toplantısı çağırıb

Onların siyasi sonunu gətirən mövcud vəziyyət isə ilk öncədən belə qənaətə gəlməyə zəmin yaradırdı ki, nə AXCP Müsavatın, nə də Müsavat AXCP-nin “qara gözünə və qaşına” aşiq deyil. Beləliklə, fakt da budur ki, artıq bu barədə düşünməyə başlayan Arif Hacılı kənara çəkilmək üçün Divan toplantısı çağırıb və həmin toplantın mövzusunu “siyasi təşkilatın planları” istiqamətdə qurulmasını öz müavinlərinə tapşırıb. Bu isə o deməkdir ki, müsavatçıların cəbhəçilərlə yolları yenidən ayrılır. Hətta AXCP-“Milli Şura” cütlüyünün növbəti çağırışları olarsa belə, Müsavat partiyasının həmin çağırışları, dəvətləri rədd edəcəyini proqnozlaşdırmaq mümkündür.

Əli Kərimli İsa Qəmbərin planından xəbərdar olsa da, bunu çox gec anlayıb

Onu da qeyd edək ki, Ə.Kərimli müsavatçılardan yararlana bilməməsini 1 nömrəli düşməni – müsavatçıların sabiq başqanı İsa Qəmbərin adına bağlamağa çalışır. Misal üçün, adının açıqlanmasını istəməyən cəbhəçi mənbədən əldə etdiyimiz məlumata görə, özünə yaxın kuluarlarda müsavatçıların cəbhəçilərə yaxından dəstək göstərməməsi faktının bilavasitə İ.Qəmbərin tapşırığı əsasına söykəndiyini iddia edən Kərimli bunu belə sübut etməyə çalışıb ki, əslində, son bir neçə ayda baş verən uğursuzluqların yaşanması, həmin rüsvayçılıqların AXCP-nin adına bağlanması üçün müsavatçılar “müvəqqəti barışla” razılaşmışdılar. Əslində isə bu, İ.Qəmbərin qurduğu plan olub ki, A.Hacılı həmin planın əsas oyunçusu qismində iştirak edib. Çünki bu gün “Milli Şura”nın və AXCP-nin uğursuzluğu barədə Müsavatdan daha çox danışılır. Necə deyərlər, qurulan plan işə yarayıb.

Daha bir məqam isə İ.Qəmbərin ağır ürək xəstəsi olması reallığıdır. O, A.Hacılıya qəti olaraq tapşırıb ki, heç vaxt Ə.Kərimli ilə isti münasibətlər qurmasın, əksinə, imkan yaranarsa, dərhal “qurşaqaltı” zərbələr endirsin. Görünür, plan baş tutub, indi isə bir neçə aylıq, hətta günlük bərpa edilmiş körpülərin yenidən yandırılması vaxtı çatıb. Hər halda, göz qarşısında olan faktlar da bütün bunları yetərincə təsdiq edir.

Rövşən RƏSULOV