Politoloq: “Rusiya Türkiyənin ətəyindən bərk yapışmalıdır" AÇIQLAMA

17 Aprel 2018 14:19 (UTC+04:00)

“Suriya probleminin uzanmasının və krizis halına gəlib çıxmasının əsas səbəbi bu konfliktə fərqli yanaşmaları olan daha çox dövlətlərin cəlb olunmasıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, daxili çəkişmə isə bu faktorlar üçün katalizator rolunu oynayır: “Bu konflikt bir qədər dolaşıq görünür və iki tərəfin mübarizəsi xarakterində deyil. Münaqişə tərəfləri etnik, dini və məzhəb baxımından da çox fərqlidirlər. Suriyada tək ərəblər ən azından 3 din və bu dinlərə məxsus onlarla məzhəbin daşıyıcısıdırlar. Bundan başqa Suriyada iddialı türkmən, çərkəz, kürd, yezid və erməni etnik qrupları da mövcuddur. Son 5 ildə münaqişədə maraqlı tərəflərin dəstəyi ilə bu qruplar bir-birini əvəz edən hərbi üstünlüklər əldə etsələr də ölkəni tam nəzarətə götürmək mümkün olmayıb. Bundan sonra bunun baş verəcəyini güman etmirəm.

Türk ordusunun cəsarətli Afrin əməliyyatı ABŞ və Ruisyanı çaşqın vəziyyətə saldı. Doğrusu bu əməliyyatın razılaşdırılmış olduğuna şübhə etmirəm. Lakin əməliyyatın minimum itki və son dərəcə proffesional keçirilməsi Türk ordusunun ən yaxşı quru qoşunlarına malik olduğunu bir daha sübut etdi. Təbii ki, ABŞ-ın hərbi əməliyyatlara başlamaq qərarı gecikmiş olsa da ən doğru qərardır. Türkiyə bir NATO ölkəsidir və onun uğurlu hərbi əməliyyatları müttəfiqləri tərəfindən dəstəklənməli və hərbi əməliyyatlar qarantiyaya alınmalı idi. Bu da baş verdi. Türkiyənin rəsmi mövqeyi də məhz belədir.

Ən arzuolunan isə əməliyyatların mümkün qədər tez başa çatmasıdır. Krizis qaldıqca və davam etdikcə regionda indiyə qədər yığılıb qalmış problemlərin qarşına sədd çəkir. Bəşər Əsəd nə qədər tez hakimiyyətdən uzaqlaşdırılarsa və stabillik yaranarsa Cənubi Qafqaz bölgəsində münaqişələrin həlli danışıqlarına başlamaq imkanı yaranacaq. Paralel olaraq İranın da bu bölgədən uzaqlaşdırılması baş verəcək. Rusiya isə demək olar ki, prosesdə seyrçiyə çevrilib.

Bəzi ekspertlər Türkiyənin ABŞ, Böyük Britaniya və Fransanın təşkil etdiyi hava hücumlarını dəstəkləməsi regionda vəziyyətin gərginləşməsini proqnoz versələr də bir qədər gözləməyi məsləhət görərdim. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar artıq öz işini görməkdədir. Belə vəziyyətdə Rusiya Türkiyənin ətəyindən bərk yapışmalıdır. Regionda Türkiyənin mövqeyinin güclənməsi gedən proselərin ölkəmiz üçün ziyanlı olmayacağını güman edirəm. Krizisdən güclü çıxan Türkiyə bizim üçün çox vacibdir. Hesab edirəm ki, yay aylarından etibarən Qarabağ danışıqlarında bir canlanma olacaq. Gerisi isə güclü diplomatiya və böyük dövlətlərlə münasibətlərin qurulmasından asılıdır”.