Azərbaycan və Qətər kitabxanaları arasında memorandum imzalanacaq FOTO

17 Aprel 2018 11:49 (UTC+04:00)

Qətərin paytaxtı Dohada Qətər Milli Kitabxanasının yeni binasının açılış mərasimi olub. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov və Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov təmsil ediblər.

Milli Kitabxanadan SİA-ya bildiriblər ki, tədbirə bir sıra ölkələrin dövlət və hökumət başçıları, mədəniyyət və turizm nazirləri, 30-dan artıq ölkənin milli kitabxanasının direktoru qatılıb.

Açılış mərasimində Qətər dövlətinin əmiri Şeyx Təmin bin Həməd Əl Sani, Qətər Fondunun prezidenti xanım Şeyxa Moza bint Nasir Əl-Misnəd, Qətər Milli Kitabxanasının icraçı direktoru Sohair Vastavy və bir sıra dünya milli kitabxanalarının direktorları çıxış ediblər.

Bildirilib ki, Qətər Milli Kitabxanası məşhur Qətər Fondunun nəzdində fəaliyyət göstərir və modern, möhtəşəm arxitekturaya malik bina həmin fondun dəstəyi ilə dünyanın ən məşhur arxitektorları və mütəxəssisləri cəlb olunmaqla inşa olunub. Kitabxananın 1 milyonluq kitab fondu tam şəkildə açıq fond kimi oxucuların istifadəsinə verilib. Çox böyük oxu zalları və evə verilən kitabların qaytarılması üçün avtomatlar quraşdırılıb. Binada ən son texnoloji avadanlıqlardan və avtomatlaşdırma vasitələrindən istifadə olunub.

Tədbirdən sonra qonaqların şərəfinə təşkil olunmuş ziyafətdə Qətər əmiri Şeyx Təmin bin Həməd Əl Sani ilə görüşən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkə prezidentinin salamlarını əmirə çatdırıb və bu möhtəşəm layihə münasibətilə onu və Qətər xalqını təbrik edib.

Qeyd edək ki, bu gün Qətər Milli Kitabxanasının yeni binasında Azərbaycan və Qətər Milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanacaq.