Millət vəkili: “Sarkisyan, Koçaryan hərbi canilərdir” MÜNASİBƏT

17 Aprel 2018 11:38 (UTC+04:00)

“Mən hər zaman demişəm və bu gün də təkrar edirəm ki, ümumiyyətlə bütün dünya erməniləri düzgün fikirləşib nəticə çıxarsalar dərk edərlər ki, Sarkisyan, Koçaryan kimi onların ətrafında olanlar da hərbi canilərdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, bunlar kimlərinsə vasitəsilə Ermənistanda siyasi hakimiyyəti zəbt edib hərbi diktatura qurublar: “Beləcə bütövlükdə Ermənistanı, erməni xalqını fəlakətə, rüsvayçılığa və uçuruma aparırlar. Bu mənada bütün Ermənistan ayağa qalxmalıdır. Çünki özlərini, hakimiyyətlərini, öz talelərini bu cinayətkarlardan xilas etsinlər və bunların bu cinayətkar, işğalçı əməllərinə son qoysunlar. Hazırda Ermənistanda davam edən kütləvi mitinqlərin sonu acınacaqlı olacaq.

Mən istərdim ki, Ermənistanda başqa qurumlar da, bütün gənclik, siyasi partiyalar (tək müxalifət yox), bütün parlament ayağa qalxsınlar və bu cinayətkarları süpürüb atsınlar. Hazırda Ermənistanda istiqamət buna doğru gedir. Ola bilər ki, xarici havadarlar müəyyən yollarla Sarkisyanı qoruyub saxlaya bilərlər. Ancaq erməni xalqı həmrəy olub bu cinayətkarlardan yaxa qurtarmaq istəsə xarici qüvvələr xalqın iradəsi qarşısında aciz qalarlar”.