Məmməd Kazımın ədəbi dünyası (Elegiya)

17 Aprel 2018 11:02 (UTC+04:00)

Eşidəndə ki, Cənub bölgəsində ədəbiyyatın, jurnalistikanın ağsaqqallarından biri, dəyərli ziyalı, böyük vətənpərvər insan Məmməd Kazım dünyasını dəyişib, açığı bu mənə çox pis təsir elədi. Onun xəstə olduğunu bilirdim. Oğlu Elçin Kazımov demişdi. Hətta danışmışdıq ki, rayondan Bakıya gətirsinlər və Bioloji Təbabət Klinikasında həkimlər onu müalicə eləsinlər. Amma işimin çoxluğundan Masallıya gedib, onu yoluxa bilmirdim. Baxmayaraq axır vaxtlar bir neçə dəfə mobil telefonla danışıb, hal-əhval da tutmuşduq. Həddindən artıq optimist, həyatsevər , heç bir xəstəlikdən, çətinlikdən qorxmayan insan olan Məmməd müəllim həmişə də çox gümrah danışır və tezliklə sağalacağını deyirdi. Zarafatla da deyirdi ki, “özümün də təbabətdən başım çıxır. Lazım olan müalicələri də edirəm”.

Bax indi mən özümü danlayıram ki, gərək vaxt tapıb gedib onunla görüşəydim. Çünki bizim onunla söhbətimiz tuturdu və haqqında qəzetlərdə, saytlarda bir neçə yazı da çap etdirmişdim. Bu görüşümüz də maraqlı olardı və o, mənə daha tutarlı məlumatlar verə bilərdi. Axı o, 60 ilə yaxın bir müddətdə yaradıcılıqla məşğul olmuşdu və yüzlərlə ədəbiyyat, jurnalistika sahəsində çalışan sanballı insanlarla dostluq, yoldaşlıq etmişdi, yol yoldaşı olmuşdu, bir süfrə arxasında çörək kəsmişdi. Deməli, bizim bilmədiyimiz və yazılmamış çoxlu maraqlı hadisələr, məlumatlar vardı onun yaddaşında. Çünki əvvəlki söhbətlərimizdə o, Azərbaycan ədəbiyyatında əvəzsiz işlər görmüş üç Məmmədin ( Məmməd Araz, Məmməd İsmayıl və Məmməd Kazım) dostluğundan, yaxın əlaqələrindən mənə maraqlı məqamlar, epizodlar danışmışdı və mən də həmin söhbətləri vaxtı ilə yazmışdım. Amma heyif ki, bu dəfə onunla görüşə vaxt tapa bilmədim...
Bizim Məmməd müəllimlə tanışlığımızın tarixi də çox qədimdir.

Bir vaxtlar- 1960-cı illərin əvvəllərində Masallı özünün intibah dövrünü yaşayırdı. Çünki həmin vaxtlar Masallı rayonunda təhsil, ədəbiyyat, jurnalistika, incəsənət, idman sahəsində böyük dirçəliş vardı. Həmin vaxtlar Məmməd Kazımın rəhbərliyi ilə rayonda Ədəbiyyat dərnəyi, Adil Səfərov və Şakir Həsənovun rəhbərliyi ilə Miniətür Teatrı, Rafiq Axundov və Afutalıb Sadıqovun rəhbərliyi ilə Xalq çalğı alətləri ansambılı, İltizam Hüseynovun rəhbərliyi ilə rəqs kollektivi fəaliyyət göstərirdi. Rayondakı Pionerlər evində çoxlu yeniyetmə istedadlar incəsənətin ayrı-ayrı sahələrində ilk addımlarını atırdılar. Rayonun voleybol və futbol komandaları, klassik və sərbəst güləş məktəbləri artıq respublikada böyük üğurlar əldə edirdi. Masallıdakı yerli radio özünün maraqlı proqramlarına görə artıq hamı tərəfindən sevilirdi. Rayonda çıxan “Çağırış” qəzeti isə baş redaktor, dəyərli ziyalı, maraqlı şair Vaqif İbrahimin sayəsində hər nömrəsi sensasiyya ilə qarşılanırdı. Bax mən məhz həmin vaxtlar Məmməd müəllimlə tanış olmuşdum. Çünki məndən yaşca böyük dostlarım Əbədiyyat dərnəyinə gedirdi və onlar Məmməd Kazım haqqında elə maraqla danışrdılar ki, mən də onlara qibtə edirdim. Məmməd müəllimə həmin vaxtı təkcə mən yox, həmin dövrün yeniyetmələrinin çoxu qibtə edirdi. Çünki Masallı məktəblərində Məmməd Kazım başda olmaq şərti ilə yerli şairlər, yazıçılar və jurnalistlərlə maraqlı görüşlər keçirilirdi. Bax bu da onları Masallıda daha da məşhurlaşdırırdı.

Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli orta məktəbin şagirdləri ilə Məmməd Kazımın görüşü indi də yadımdadır . Həmin görüş səhv eləmirəmsə 1967-ci ilin aprel ayında oldu. Bu məktəb həmin vaxtı Masallının akademiyası sayılırdı və hətta heç Bakıdan gələn yazarlar çox vaxt bu məktəbə görüşə gəlmirdilər. Çünki məktəbin müəllimləri və şagirdləri onları çoxlu suallar atəşinə tutur və onlardan orijinal cavablar gözləyirdilər. Həmin vaxtı məktəbin geniş səhnəsinə uca boylu, yaraşıqlı, gülümsər sifətli bir kişi çıxdı. Onunla birlikdə bir neçə nəfər və məktəbimizin direktoru Şəfiqə xanım Abdullayeva, tarix müəllimi, şair Adəm Qızılbaş da səhnədə göründülər. Şəfiqə müəllimə Bakıdan gələn və əslən Cənub bölgəsindən olan iki şairi və həmyerlimiz Məmməd Kazımı təqdim etdi. Açığı həmin görüşdə Bakıdan gələn o iki nəfər mənim yaddaşımda elə də qalmayıblar. Çünki şeirlərini vərəqdən oxuduqlarına görə zalda əyləşən və ayaq üstə duran 300-dən çox şagirdi ələ ala bilmədilər. Amma söz Məmməd Kazıma veriləndə o, əzbərdən qaltanlı səslə, peşəkar akytor tərzində, zalda əyləşənlərin gözlərinə baxa-baxa bir neçə şeir dedi. Onun gur səslə dediyi hər bir şeir gurultulu alqışlarla qarşılandı. Sonra özü zaldakılara suallarla müraciət eləyib, onlarla təmas qurdu və onların da hər birinin arzualarını, suallarını dinlədi və hər birinə maraqlı cavablar verdi. Məmməd Kazım öz çıxışı ilə zalda əyləşən bizləri elə bil ki, sehirləmişdi... Həmin vaxtı onun “Qönçə” adlı ilk kitabı çap olunmuşdu. O, kitabı da zalda əyləşənlərə göstərdi. O vaxt kitab çap etdirnək hər bir cavan şairə, yazıçıya müyəssər olmurdu. Çünki həmin vaxtı ədəbi tənqid çox güclü olduğuna görə onların yaradıcılığına, kitablarının çap olunmasına çox ciddi fikir verilirdi...
Bax belə bir səhnə ilə mən, artıq çox-çox illər sonra Masallı yazarlarının 516 səhifəlik çap olunan “Masallınının söz çələngi” ədəbi almanaxının 2011-ci ilin may ayında rayon mərkəzindəki Mədəniyyət evinin qarşısındakı açıq səhnədəki təqdimat mərasimində də rastlaşdım. Bu kitabın ideya müəlliflərindən biri mən olduğuma görə, həmin vaxtı Masallı rayon İcra Hakimiyyətinin başçısı, dəyərli ziyalı Qəzənfər Ağayevin təklifi ilə tədbiri də mən aparırdım. Kitabın ərsəyə gəlməsində isə Qəzənfər Ağayevin əvəzsiz xidməti olmuşdu. Bu kitabda 106 biz, Masallı yazarının şeiri, hekayəsi çap olunmuşdu və rayonçün sesnsassiya idi. Həmin gün Masallının həqiqətən də söz bayramı idi.

Söz rayonun qocaman yazarları adından Məmməd Kazıma veriləndə o, yenə də 1967-ci ildəki kimi 77 yaşlı bu böyük ziyalı əvvəlki şux yerişi, cəld hərəkəti ilə səhnəyə gəldi və az bir vaxtda yenə də tamaşaçıları ələ aldı. O, kitabın ərsəyə gəlməsində xidməti olanlara rayon ziyalıları adından öz təşəkkürünü bildirdi və sonra bir neçə şeirini yenə də əzbərdən gur səslə dedi. Sonra tamaşaçılar onu sürəkli alqışlarla yola saldılar. Həmin vaxtı mən də aparıcı kimi səhnədə idim və tamaşaçılara Məmməd müəllimlə ilk yaxından tanışlığımı, 1967-ci ili xatırlatdım. Həmin vaxtı da onun peşəkar aktyorlara məxsus belə odlu-alovlu çıxışı haqqında dedim. Tamaşaçılar yenə də onu sürəkli formada alqışladılar.

Həmin tədbirdən sönra yazarlar üçün təşkil olunmuş sürfə arxasında əyləşəndə mən Məmməd müəllimlə qarşı-qarşıya əyləşdim. Onunla birlikdə keçmiş həyat yolunu bir də vərəqlədik...
İndi həmin söhbəti yada salıb, onun ömür yolunu Məmməd müəllimsiz vərəqləyirəm.. Əlbəttə, həmin illəri vərəqlədikcə də kövrəlirəm...

Balaca kənddən başlayan böyük, uğurla yol

1934-cü ilin may ayının 25-də Azərbaycanın dilbər guşələrindən olan Masallı rayonunun Tatyan kəndində anadan olan Məmməd Kazım 1962-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdi. Onun doğulduğu Tatyan kəndi Talış dağlarının ətəyində çox axar-baxarlı bir yerdə yerləşir. Masallının ən qədim kəndlərindən biridir. Bu kəndin adamları özlərinin mehriban xasiyyətinə, qonaqpərvərliyinə, istiqanlılığına görə başqa kəndlərdən fərqlənirlər. Masallıda maraqlı Ədəbiyyat dərnəyinin rəhbəri olan çox istedadlı şair Məmməd Kazım hamı tərəfindən sevilirdi. Amma elə bil ki, Masallı rayonu ona qol-qanad açmağa elə də imkan vermirdi. Cavan şair daha çox inkişaf etməkçün paytaxta, Bakıya can atırdı. Həmin vaxtı Abşeron rayonu yenicə yaranmışdı. Məmməd Kazım da Bakıya daha yaxın olmaq, buradakı ədəbi mühütlə təmasda olmaqçün Xırdalana köçdü. Abşeron rayonunda çap olunan “Abşeron” qəzetinin şöbə müdiri və redaktoru oldu. 1969-cu ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində redaktor, 1971-83-cü illərdə isə “Hünər” hərbi-vətənpərvərlik redaksiyasının baş redaktoru və aparıcısı kimi fəaliyyət göstərdi.

Ədəbi-bədii fəaliyyətə gənc yaşlarından şeirlə başlayan Məmməd Kazımın “Qönçə” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü gördü. Və sonralar onun “Zirvəyə yol axtarıram”, “Xəzər laylası”, “Xatın zəngləri”, “Leytenant Kərimov və dostları”, “Taleyim, qismətim”, “Gələrəm görüşünə”, “Hünər”, “Salam general” və sairə bu kimi şeir, poema, nəsr, dram kitabları çap olundu. Məmməd Kazımın Tatarıstanın Xalq şairi Robert Minnullinin şeirlərindən tərcümələri müstəqillik dövrümüzün poetik tərcümə işinə layiqli töhfəsi olub. Çünki bu şeirlər tam orijinal formadadır.

Məmməd Kazımın yaradıcılığı doğma yurdun təbii gözəllikləri və tarixi keçmişi, Vətəninin qəhrəman oğul və qızlarının tərənnümü, sevginin vəsfi, müharibələrə qarşı kəskin etiraz, sülhə, xoş görüşə, barışa çağırış, neqativ sosial təzahürlərə qarşı satirik ironiya onun sadə və xalq dildə qələmə alınan, janrca zəngin, məzmunca dolğun əsərlərinin ümdə xüsusiyyətləridi, qayəsidir desək səhv etmərik. Yaradıcılığının bütün bu cəhətləri də Məmməd Kazımı oxuculara sevdirirdi.

Özünün yetkinlik yaşında Məmməd Kazımın ədəbiyyat sahəsindəki xidmətlərinin mühüm bir qolunu da qəzetçilik və ədəbiyyatın yüksək formada təbliği fəaliyyəti təşkil edirdi. Belə ki, günlərin bir günündə Bakı mühitinin xaosu, tıxacları bir qrup yaradıcı insanlar kimi artıq ömrünün müdrik çağlarını yaşayan Məmməd Kazımı da yordu. O, doğma kəndləri Tatyana gəlib, yaraşıqlı bir ev tikdi. Geniş həyət-bacasında təsərrüfatla məşğul olmağa başladı. Onun çox mənzərəli yerdə evi və bol meyvə ağacları ilə zəngin həyəti əsl yaradıcı insanın təxəyyülünün məhsuludur. O, həm də burada yaradıcılıqla daha ciddi məşğul olmağa başladı. Masallının tarixi, tanınmış tarixi şəxsiyyətlərinin həyatı, qədim dövrlərdən XX əsrə kimi bu insanların apardıqları mübarizə ilə bağlı bədii, publisist əsərlər yazdı. Həm də “Qala” adlı maraqlı bir qəzet təssis etdi. Belə ki, onun baş redaktoru olduğu “Qala” ədəbi-bədii qəzeti ədəbi prosesin nəinki bölgələrdə, hətta ümumrespublika miqyasında canlandırılması və bir çox gənc istedadların üzə çıxarılması işində böyük rol oynadı. Məhz buna görə də vaxti ilə ilk yazılarını “Qala” qəzetində çap etdirən və bu gün ədəbiyyatımızın, jurnalistikamızın aparıcı imzalarına çevrilmiş gənclər haqlı olaraq Məmməd Kazımı özlərinin ustadları hesab edirlər. Onun haqqında maraqlı xatirələr danışır və yazırlar.

1960-cı illərdən yaradıcılığa başlayan, tanınmış yazıçı, jurnalist, publisist Məmməd Kazım böyük yaradıcılıq yolu keçməklə, həm də bir vətəndaş kimi çox işlər görməklə, Azərbaycan hərbi-vətənpərvərlik tarixinə düşüb. Belə ki, o, bir vaxtlar Azərbaycan Dövlət Televiziyasında “Hünər” adlı hərbi-vətənpərvərlik verilişini yaratmaqla, təkcə Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində də tanınırdı. Məhz Məmməd Kazımın böyük zəhmətinin, yüksək vətənpərvərliyinin sayəsində İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsində itkin düşmüş, ölümləri, qalımları haqqında qohumlarının, yaxınlarının uzun illər çalışsalar da heç bir məlumat əldə edə bilmədiyi çoxlu insanları məhz Məmməd Kazım sevindirib. Sağ qalanları bir-birilə görüşdürüb. İtkin düşənlərin məzarlarını təkcə Sovetlər Birliyi ölkələrindən yox, Sosialist ölkələrinə səfərləri zamanı tapıb və yaxınlarının həmin məzarları ziyarət etməsi üçün dövlət rəsmiləri ilə danışıqlar aparıb və lazım olan bütün şəraitləri yaradıb. Həmin tarixi hadisələr də hər biri Məmməd Kazımın qələmindən yazılara və televiziya verilişlərinə köçərək, gələcək nəsillərçün bir ərmağan kimi qalıb. Açığı belə böyük, xeyirxah və əsl vətənpərvər işi hətta həmin vaxtlar üzdə olan heç bir qəlam sahibi edə bilməyib.
Məmməd Kazim çox maraqlı şairdir. Çox istetdalı yazıçıdır. O, əgər yalnız seirlər yazsaydı, bu gün onun cild-cild kitabları hamımızın stolüstü kitabları olar və dərslik kitablarında böyük yer alardı. Məmməd Kazim yalnız nəsr əsərləri yazsaydı, indi çoxlu romanları, povestləri, hekayələri onlarla cilddən artıq kitablar olardı. Və nəhayət Məmməd Kazım yalnız jurnalistika ilə məşğul olsaydı bu sahənin də tarixdə qalan 3-5 yaradıcılarından biri kimi, yazdığı məqalələri, publisist yazıları jurnalistika dərslərində tələbələrin ən çox müraciət etdiyi yazılar olardı. Amma bu, böyük yaradıcı insan hər üç sahədə 60 ilə yaxın yaradıcılıq dörvündə heç kimi təkrarlamadan öz sözünü dedi. Onun nəsr əsərləri, seirləri və publisistikası oxucuların xoşuna gəlir və çox insanların stolüstü kitablarıdır.
Belə böyük yaradıcı insanın yaddan çıxması, unudulması həqiqətən də onu hələ keçən əsrin 70-cı illərindən tanıyanlar və onun bədii əsərlərini, oçerklərini, publisist yazılarını sevə-sevə oxuyub, onlardan bəhrələnənlərə çox pis təsir edir. Mən də həmin insanların sirasındayam. Çünki yuxarıda yazdığım kimi, hələ 1960-cı illərdə Məmməd Kazımın Masallıda yaratdığı Ədəbiyyat dərnəyindən çoxlu yazarlar çıxıb və artıq ədəbiyyat aləmində öz sözlərini də layiqincə deyirlər.
Onun 1992-ci ildə təsis etdiyi və Masallıda çap olunan ədəbi-bədii “Qala” qəzeti az bir zamanda ətrafina respublikanın hər yerindən çoxlu yazarlar və minlərlə oxucu topladı. Həmin vaxt Xalq yazıçısı İsmayıl Şıxlının ona ünvanladığı məktub qarşımdadır. Bu məktub çox maraqlı olquğuna görə burada yazıram.
“Əziz Məmməd Kazım! “Qala” qəzetinin iki nömrəsini böyük diqqətlə, maraqla oxudum. Sənin “Cəbhə qeydləri” və Mirvarid Dilbazi haqqında olan məqaləni xüsusi qeyd etmək istəyirəm. Ümumən yaratdığınız “Qala” qəzeti qarşıya qoyduğunuz tələbə cavab verir. Mənə həsr etdiyiniz məqaləni də oxudum. Ömrümün ahıl, kövrək çağlarında hiss etdim ki, qədirbilənlərin ilıq və səmimi sözlərinə ehtiyacım var”.
Bax, bu gün mən də ürək ağrısı ilə düşünürəm ki, niyə Məmməd Kazım kimi istedadlı, Allah vergisi olan insan yaddan çıxdı? Bunun günahkarı kimlər oldu?..
Qəlbimdə, daxilimdə bir inam var və həmin inam qətiyyətlə deyir ki, Məmməd Kazımın şeirləri, nəsr əsərləri, publisistikası Azərbaycan ədəbiyyatında yaşamaqla, müəllifini də həmişə yaşadacaq.
Əzizimiz Məmməd Kazım!
Siz Xırdalan şəhər qəbirstanlığında torpağa tapşırılmısınız. Çünki Masallıdan sonra Xırdalan sizin ikinci vətəniziniz olub. Burada çap olunan “Abşeron” qəzetində bir vaxtlar şöbə müdiri və redaktoru işləyiniz vaxtlar çox işlər görübsünüz. Azərbaycan Televiziyasının “Hünər” hərbi-vətənpərvərlik verilişinə rəhbərlik etdiyiniz vaxt da Xırdalanda yaşayıbsınız. İkinci Dünya və Böyük Vətən Müharibəsində həlak olan və itgin düşən çoxlu xırdalanlıların da tapılmasında, onların qohumlarının ümid çıraqlarının yandıralmasında xidmətləriniz çox olub. Ona görə də xırdalanlılar sizi elə xırdalanlı bilir və sizi öz doğmaları kimi sevirdilər. Sizin vəsiyyətinizlə Xırdalan şəhirndə yaşayan övladlarınız sizi burada- Xırdalan şəhər qəbirstanlığında torpağa tapşırdılar. Bu elə xırdalanlıların da ürəyincə oldu.
Qəbriniz nurla dolsun əziz ağsaqqalımız, təpədən dırnağa qədər Azərbaycanı dərin məhəbbətlə sevən, övladlarını da bu ruhda tərbiyə edən, dəyərli ziyalı, böyük insan Məmməd Kazım. Bu elegiyanı sizin “Masallıyıq” şeirinizlə tamamalamaq istəyirəm. Çünki siz ömrünüzün böyük bir hissəsini Xırdalanda yaşasanız da Masallıya daha çox bağlı insan idiniz. Ömrünüzün müdrik vaxtında da Masallı torpağı sizi özünə çəkdi və orada yaşayıb, tarixdə qalan əsərlər yaratdınız. Bu şeir də həmin illərin məhsuludur.

Dünyanı ölkə-ökə gəzmişik, dolaşmışıq,
Gözəllik sorağıyla qan-tərə bulaşmışıq.
Harda olsaq bu yurdun həsrətilə daşmışıq,
Dənizi bol balıqlı, meşəsi marallıyıq,
Fəxr edirik ürəkdən, çünki biz Masallıyıq.

Bulaqların gözündən dünyaya boylanmışıq,
Çimib isti suyunda xalqa eşqlə yanmışıq.
Çiçəyindən-gülündən təmizlik qazanmışıq,
Bu boy-buxun, bu görkəm, görün nə sığallıyıq,
Fəxr edirik ürəkdən, çünki biz Masallıyıq.

Azərbaycan yolunda sinəmizi gərmişik,
Azadlıq savaşında çox qurbanlar vermişik.
Kəlbəcərdə, Laçında laçınlar itirmişik.
Çətin vaxtda Cavanşir, Koroğlu misallıyıq,
Fəxr edirik ürəkdən, çünki biz Masallıyıq.

Xalqı xoşbəxt olmayan tapar yaxşı söz hardan?
Kasıblıq da can üzən, aləmdə üz qızardan.
İncəsənət deyirsən sal yolunu bazardan,
Xalça, beşik, həvəsi daşan xoş əhvallıyıq,
Fəxr edirik ürəkdən, çünki biz Masallıyıq.

Oğlu-qızı torpağı əziz bilir canından,
Narınc-turunc, limon, çay göyərdir vicdanından.
Müdrik kamal, söz əhli sıyırıb od qanından.
Sənət meydanında da daim cəng-cidallıyıq,
Fəxr edirik ürəkdən, çünki biz Masallıyıq.

Geniş açıb qolları dünyanı qucaqlayaq,
Yaxşı hər nə qazansaq nəsillərə saxlayaq.
"Alay" dəfınəmizlə sevə-sevə çağlayaq.
Onda aləm görər ki, necə cah-cəlallıyıq,
Fəxr edirik ürəkdən, çünki biz Masallıyıq.

Bəslənsək də köksündə biz demirik o təkdi,
Yurdumuzun hər eli bir-birindən qəşəngdi.
Bizdən ötrü Masallı Azərbaycan deməkdi,
Vətən sevgimizdə də ağıllı, ehmallıyıq,
Fəxr edirik ürəkdən, çünki biz Masallıyıq.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadim