Xarici media Ermənistandakı vəziyyət haqqında QIYAM

17 Aprel 2018 10:51 (UTC+04:00)

Son bir neçə gündür Ermənistanı bürüyən etiraz dalğası xarici medianın da diqqətindədir. SİA xəbər verir ki, hadisələrin gedişi barədə yazan xarici mətbuat daha böyük toqquşmaların qaçılmaz olacağını da istisna etmirlər. Serj Sarkisyanın baş nazir postunu zəbt etməsi reallığı ilə barışmayan müxalifətçilərin, xüsusilə, erməni parlamentinin “Yelk” (“Çıxış”) blokunun lideri Nikol Paşinyanın bu vəziyyətlə barışmayacaqlarını bəyan edirlər.

“Deutsche Welle”: “Ölkənin daxili, xarici siyasətində, iqtisadiyyatında və həyatın digər sahələrində müsbət irəliləyişləri gözləməyə dəyməz”

Almaniyanın “Deutsche Welle” nəşrinin yazdığına görə, sabiq prezident ba. Nazirliyə doğru şütüyür ki, Ermənistanda baş qaldıran etiraz dalğası da bu səbəbdəndir. SİTAT: “Etiraz edənlərin lideri Nkol Paşinyan deyir ki, Serj Sarkisyan şəxsi hakimiyyətini əldə etmək üçün bütün addımlara gedib”.

“Onun qeyri-məhdud səlahiyyətləri olacaq, ona görə də ölkənin daxili, xarici siyasətində, iqtisadiyyatında və həyatın digər sahələrində müsbət irəliləyişləri gözləməyə dəyməz” - Deutsche Welle” nəşri Paşinyanın ifadələrini sitat gətirib

“The Associated Press”: “Etirazçılara qarşı gözyaşardıcı qaz, səsli qumbaralar tətbiq edilib ki, nəticədə bir neçə insan ciddi xəsarətlər alaraq, yaralanıblar”

“The Guardian” isə həftənin ən yaxşı şəkli kimi Ermənistandakı mitinqin fotosunu yayımlayıb və alt yazıda qeyd edilib: “Müxalifət tərəfdarlarının sabiq prezident Serj Sarkisyanın hakimiyyəti zəbt etməsinə qarşı Ermənistanın paytaxtında keçirdiyi mitinqi”.

Digər ingilis dilli media qurumları - “BBC”, “Washington Post”, “ABC News”, “Business Insider”, “Fox News” “The Associated Press”ə istinadən yazırlar: “Həftənin bazar ertəsi günü 10 minə yaxın insan parlament binasına doğru hərəkətə keçiblər və polis tərəfindən qarşıları kəsilib. Onlara qarşı gözyaşardıcı qaz, səsli qumbaralar tətbiq edilib ki, nəticədə bir neçə insan ciddi xəsarətlər alaraq, yaralanıblar”.

“The New York Times” və “BBC” rus dilində: “Etirazçıların bir hissəsi qarşılarına qoyulmuş polis sədlərini aşmağa müyəssər olublar”

ABŞ-ın gündəlik “The New York Times” nəşri də hadisələr barədə çıxış edib və “Etiraz dalğası Ermənistanın paytaxtını iflic edib” başlıqlı məqalə ilə Yerevanda baş verən olayları işıqlandırıb. “Etirazçıların liderləri deyirlər ki, onlar Sarkisyanın baş nazir təyin olunacağı binanın yanında nümayişlər etmək fikrində deyillər”-deyə adıçəkilən Amerika nəşri yazır.

Ötən gün isə “BBC”nin rus bölməsində “Polis Yerevandakı nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib” başlıqlı məqalə yer alıb. “Sarkisyan əleydarlarının mitinqləri artıq bir neçə gündür ki, davam edir... etirazçı hərəkatın liderlərindən biri, “Vətəndaş həmrəyliyi” partiyasının sədri, parlamentin “Çıxış” fraksiyasının rəhbəri Nikol Paşinyan etirazçıları parlament binasına doğru hərəkət etməyə çağırıb ki, bundan sonra etirazçıların bir hissəsi qarşılarına qoyulmuş polis sədlərini aşmağa müyəssər olublar. Polis buna cavab olaraq, gözyaşardıcı qazdan istifadə edib. Hadisə yerində partlayış səsləri də eşidilib, yaralananlar olsa da onların dəqiq sayı barədə heç bir məlumat yoxdur. Daha öncə polis baş verənlərə müdaxilə etmirdi”-deyə “BBC”-nin rus bölümü Yerevanın informagentliyinə istinadən yazıb.

Xatırladaq ki, etiraz dalğası Vanadzor da daxil olmaqla, ölkənin bir çox şəhər və rayonlarına yayılıb.

Rövşən RƏSULOV