QAT sədri: “ABŞ-ın və Fransanın ermənipərəst siyasəti ifşa olunmalıdır" AÇIQLAMA

17 Aprel 2018 10:35 (UTC+04:00)

“Hesab edirəm ki, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin qurumun ötən gün Kopenhagendə keçirilən Büro iclasında Dağlıq Qarabağ separatçılarının təmsilçilərinin ABŞ və Fransaya qanunsuz səfərinə kəskin etirazını bildirməsi çox düzgün və haqlı bir mövqedir”. Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, baxmayaraq ki, Azay Quliyev ATƏT PA-nın vitse-prezidentidir amma milli maraqlardan və obyektiv mövqedən çıxış edir: “Ermənistan nümayəndələri bu gün ABŞ-a, Fransaya səfər edirlər və orada görüşlər keçirirlər, ABŞ Konqresində qəbul olunurlar, Fransada müəyyən parlament deputatları ilə görüşürlər və s. Bu gün Fransanın özündə də təhlükəli proseslər gedir. Fransanın yerli icra və bələdiyyə orqanları Dağlıq Qarabağdan gələn qondarma rejimin nümayəndələrini rəsmi qonaqlar, dövlət nümayəndələri kimi qəbul edirlər və müqavilə imzalayırlar. Yəni bu təhlükəli bir prosesdir və beynəlxalq hüquq normalarına ziddir.

Əgər ABŞ-da, Fransada bu addımı atırlarsa onlara şərait yaradırlar və deməli beynəlxalq hüquqa qarşıdırlar, BMT-nin Nizamnaməsini pozurlar. Ona görə də Azay Quliyevin fikirləri düzgün bir yanaşmadır. ABŞ-ın, Fransanın da bu cür ermənipərəst siyasəti ifşa olunmalıdır, tənqid olunmalıdır. Əgər belə etməsək o zaman bunun qarşısı alınmayacaq. Ermənilər bu gün Dağlıq Qarabağdakı qondarma rejimin tanınması prosesinə başlayıblar. Bir neçə ildən sonra bu prosesin qarşısı alınmaz ola bilər”.