Günay Əfəndiyeva Mövlud Çavuşoğlu ilə görüşüb

17 Aprel 2018 09:30 (UTC+04:00)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin paytaxtı Ankarada bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Fonddan SİA-ya bildirilib ki, görüş zamanı G.Əfəndiyeva türk dünyası tarixi-mədəni irsinin dünyaya tanıdılması istiqamətində rəhbəri olduğu qurum tərəfindən görülən işlərdən və həyata keçirilən layihələrindən bəhs edərək Fondun gələcək planları barədə məlumat verib. O, həmçinin Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üçün binanın ayrıldığını və hazırda orada əsaslı təmir-bərpa işlərinin aparıldığını qeyd edib.

Mövlud Çavuşoğlu Fond tərəfindən türk dünyasının birliyi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayaraq, Türkiyə hökumətinin Fonda dəstək olduğunu bildirib və türkdilli xalqlara xas irs və mədəniyyətin qorunması, həmçinin təbliği ilə bağlı həyata keçirilən layihələri yüksək qiymətləndirib. O, Qlobal Bakı Forumu və Qoşulmama Hərəkatının Nazirlər Konfransı çərçivəsində Bakı şəhərinə son iki səfərini xatırlayaraq Azərbaycanın qlobal çağırışlara cavabla bağlı fikir mübadiləsi aparmaq üçün çox gözəl məkana çevrildiyini vurğulayıb.

Görüşdə tezliklə keçirilməsi gözlənilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə toplantısında ortaq tarix, dil və mədəniyyətə söykənən türkdilli xalqlar arasındakı əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi baxımından bir sıra mühüm məsələlər, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı sənədlərin imzalanması haqqında danışılıb.

Sonda tərəflər arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.