“Zirə”nin hücumçusu Comal Uilyams Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 23-cü turunda “Neftçi”yə 0:3 hesablı məğlubiyyəti şərh edən trinidad və tobaqolu futbolçu görüşün baş hakimi Rəhim Həsənovun idarəçiliyinə də toxunub.
- Əvvəlcə dünənki oyun haqda fikirlərinizi bilmək istərdim. Məğlubiyyətə nə səbəb oldu?
- Oyuna pis başlamamışdıq. İlk dəqiqələrdən meydanda başabaş mübarizə gedirdi. Hətta penaltidən erkən qol buraxdıqdan sonra da komandamız yaxşı təsir bağışlayırdı. Sonradan isə hər şey əleyhimizə işləməyə başladı.
- Oyunun baş hakimi Rəhim Həsənovun idarəçiliyi barədə nə deyə bilərsiniz?
- Məni məyus edən məqamlardan biri məhz hakimlik oldu. Bəzi epizodlarda lehimizə qərar verməli olduğu halda hakimin fiti susdu. Bu isə oyunumuza təsirsiz ötüşmədi.
- Komanda yoldaşınız Yani Urdinovun qırmızı vərəqə aldığı epizod haqda nə düşünürsünüz?
- Epizodla bağlı dəqiq bir söz deyə bilməyəcəm. Amma 10 nəfərlə qalmağımız bizi daha da çətin vəziyyətə saldı. Bu futboldur. Hər şeyə hazır olmaq lazımdır.
- Fasilədən sonra “Zirə” özünə gələ bilmir. Komandada nə baş verir?
- Məncə, bunun başlıca səbəbi şanssızlıqdır. Hər oyunda kifayət qədər qol imkanı yaradırıq. Amma yararlana bilmirik. Sanki uğur bizdən qaçır.
- “Zirə”yə gələndən cəmi 1 qol vurmusunuz...
- Mən də bu komandanın bir hissəsiyəm. Hər bir hücumçu kimi qol vurmaq istəyirəm. Təəssüflər olsun, hələ ki, şans mənimlə deyil. Məşqlərdə bunun üzərində daha yaxşı çalışacağam.
- Ayxan Abbasovla azarkeşlər arasındakı qalmaqala münasibətinizi bilmək də maraqlı olardı...
- Üzrlü sayın, bu barədə nəsə deyə bilməyəcəm. Çünki şərh vermək istəmirəm.