"Messi ilə söhbətimdən sonra özümə inanmağa başladım"

16 Aprel 2018 19:01 (UTC+04:00)

PSJ-nin hücumçusu Neymar Lionel Messi ilə münasibətlərindən danışıb. Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu “Barselona”da çıxış edərkən Leonun ona çox dəstək olduğunu söyləyib: “Oyunlardan birinin fasiləsində Messi gördü ki, ağlamaq istəyirəm. Çünki ilk hissədə oyunum heç alınmamışdı və özümü çox pis hiss edirdim. Bu vaxt Leo mənə yaxınlaşdı və özüm olmağımı istədi. Dedi ki, öz oyununu oyna və heç nədən qorxma”.

Neymar “Barselona”da oynadığı ilk vaxtlarda təzyiq altında olduğunu, hətta utandığını bildirib: “Bu qədər ulduzu olan komandada özümü təzyiq altında hiss edirdim. Hətta utanırdım. Amma Messi ilə söhbətimdən sonra özümə inanmağa və əsl gücümlə oynamağa başladım. O gündən aramızda möhkəm dostluq münasibətləri yarandı”.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib.