“Yaşıl çay” MMC-də baramaçığın inkişafına həsr olunmuş səyyar müşavirə keçirildi

16 Aprel 2018 16:40 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə unudulmuş ənənəvi təsəffüfat növlərinin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar Lənkəranda da səylə icra olunur. SİA-nın məlumatına görə, baramaçılığın inkişaf etdirilməsi məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda kompleks tədbirlər həyata keçirilir. İlk növbədə baramaçılığın yem bazasının yaradılmasından ötrü 2016-2017-ci illərdə Çin Xalq Respublikasından gətirilmiş 49 min tut tingi əkilib, onlara lazımi aqrotexniki qulluq göstərilir. Rayonda bu sahədə ən çox iş “Yaşıl çay” MMC-də görülüb. Burada baramaçılıq təsərrüfatı yaradılıb, indiyədək 25 mindən çox tut tingi becərilib. Bundan başqa respublikada ilk dəfə olaraq Çin mütəxəssislərinin iştirakı ilə həmin tingləri artırmaq məqsədilə budaqlarından klon üsulu ilə istifadə edilərək tut ağaclarının sayı 100 minə çatdırılıb. Artıq təsərrüfatda Çin texnologiyası üzrə fəaliyyət göstərəcək kümxana quraşdırılıb.

Aprelin 16-da açılışı olmuş kümxanada kümçülərin ümumrayon müşavirəsi keçirilib. “Yaşıl çay” MMC-nin rəhbəri Araz Yaqubov çıxış edib baramaçılığın inkişafı ilə bağlı təsərrüfatda görülən işlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, kümxana Çin mütəxəssislərinin tövsiyyələri əsasında qurulub və burada yüksək keyfiyyətli barama məhsulu istehsalından ötrü bütün lazımı şərait yaradılıb. Eyni zamanda A.Yaqubov burada görülən işlərin digər təsərrüfatlar üçün də təcrübə bazası olacağını, bununla əlaqədar digər kümçülərlə təcrübə mübadiləsi aparmağa hazır olduqlarını diqqətə çatdırıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına və baramaçılığın inkişafına verdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən A.Yaqubov qarşıya qoyulan vəzifələrin icrasından ötrü var-qüvvələri ilə çalışacaqlarına söz verib.

Müşavirəni yekunlaşdıran İcra başçısı Taleh Qaraşov baramaçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin vaxtında icra edilməsindən və cari ildə ilk məhsul olaraq 3 ton baramanın istehsalından ötrü bütün səylərin səfərbər olunmasını və gələcəkdə təsərrüfatların genişləndirilməsi, yem bazasının artırılması və barama qurdunun saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tövsiyyə və tapşırıqlarını verib.

İcra başçısı və müşavirə iştirakçıları baramaçılıq təşərrüfatının kümxanasında yaradılan şərait və yeni salınmış tinglik sahəsi ilə tanış olublar.

Sərraf Mirsəfəroğlu