Azərbaycanlı deputat Avropanı ədalətli olmağa çağırdı AÇIQLAMA

16 Aprel 2018 14:15 (UTC+04:00)

“Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) hesabatı çox qərəzlidir. Bu hesabat əvvəlcədən yazılaraq hazırlanıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, hesabat hətta o qədər tələsik hazırlanıb ki, bəzən o söz yığınlarını belə məzmundan çıxara bilməyiblər: “Mən onların rəyi ilə diqqətlə tanış oldum və çox təəssüfləndim. Birincisi, sanki bu rəy bizim radikal müxalifətin danosları əsasında yazılıb. İkincisi, ümumiyyətlə seçkidə iştirak etməyən qüvvələrin maraqlarını əks etdirməyə çalışıblar. Üçüncüsü hətta demokratiya ilə bağlı fikirlər belə ziddiyyət təşkil edir. Məsələn, orada həqiqi demokratik seçkilər yazılıb. Bu çox maraqlıdır. Çünki bu ifadə ilk dəfədir ki, hüquq leksikonunda, siyasi ritorikada istifadə olunur. Biz görmüşük ki, seçki ya azad olur, ya qismən azad olur, ya da heç azad olmur. Yəni bunlar hətta siyasi leksikona yeni ifadələr gətiriblər. Digər bir məsələ elə bunların məqsədi ondan ibarət idi ki, seçki mühiti ilə bağlı çaxnaşmalar yaratsınlar. Üçüncüsü isə, onlar 3-5 nəfərin fikrini alırlar. Amma unudurlar ki, eyni zamanda parallel xəttə Azərbaycan xalqının da seçim hüququ var. Həmin hüquq həm də ATƏT-in prinsiplərinin əks olunduğu Helsinki “Yekun Aktı”nda öz əksini tapıb. Eləcə də onların istinad etdiyi İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və bir çox sənədlərdə öz əksini tapıb. Yəni bir tərəfdən həmin o 3-5 nəfərin marağını güdə bilirlər amma bu boyda xalqın maraqlarını kölgəyə salırlar.

ATƏT-in ən böyük missiyalarından biri Minsk qrupu təyinatı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiridir. Çox təəccüblüdür ki, təmas xəttində faktiki ölüm qorxusu ilə yaşayan insanlarımızın maraqları hesaba alınmır, amma saxta, imitasiya formasında guya cəza qorxusu ilə yaşayan müxalifətçilərin fikirləri nəzərə alınır. Mən Avropanı ədalətli olmağa çağırıram”.

E.Musayev əlavə edib ki, bu gün Ermənistanda Azərbaycandan fərqli olaraq anti-demokratik seçkilər keçirilir: “Bu nəinki sənədlərdə, hətta erməni xalqının timsalında da özünü göstərir. Amma ATƏT bunların heç birinə münasibət bildirmir”.