Tahir Mirkişili: "Manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk görünmür" AÇIQLAMA

16 Aprel 2018 11:34 (UTC+04:00)

“Son günlər manatın xarici valyutalar qarşısında mövqeyinin guya zəifləyəcəyi ilə bağlı heç bir iqtisadi təhlilə əsaslanmayan informasiyalar yayılır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, 2018-ci ilin 1-ci rübünün iqtisadi yekunlarını təhlil etdikdə bunun üçün heç bir əsasın olmadığı acıq aydıq görünür: “Belə ki, 1-ci rübün nəticələrinə görə ölkədə iqtisadiyyat 2.3% artmış, iqtisadiyyata 3.5 mlrd $ investisiya qoyulmuşdur. Ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara bərabər olmuşdur. Xarici ticarət dövriyyəmiz 31%, ixracın həcmi isə 24% artmışdır. İnflyasiya birinci rübdə cəmi 4 faiz olmuş, əhalinin gəlirləri isə 10% artmışdır. Hazırda dünya bazarlarında Azərbaycan neftinin qiyməti 70$ dan yüksəkdir, dövlət büdcəsinin uğurla yerinə yetirilməsi üçün isə nəzərdə tutulmuş rəqəm 45$ dır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Belə bir şəraitdə manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk görünmür”.