Soyğunçuluq etməkdə şübhəli bilinən şəxs “isti izlər”lə saxlanılıb

14 Aprel 2018 14:59 (UTC+04:00)

Bakı şəhər sakini N.Məmmədzadə aprelin 13-də Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edərək həmin gün saat 17:00 radələrində bankomatdan pul çıxarıb evə gedərkən yaşadığı binanın blokunun girişində naməlum şəxsin ona hədə-qorxu gələrək, üzərindəki 143 manat pulunu alıb qaçdığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyənləşdirilərək “isti izlər”lə saxlanılıb.

Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum edilən Əfqan Hüseynov olduğu müəyyənləşdirilib. Saxlanılan şəxs N.Məmmədzadəni bankomatdan pul çıxararkən gördüyünü və onu izləyərək bu əməli törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.